Azərbaycan,Bakı/müxbir Trend /Dünya Bankı (DB) Azərbaycan prezidentinin ''Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı haqqında'' 28 sentyabr 2006-cı il tarixli sərəncamından irəli gələn layihələrdə iştirak etmək niyyətindədir. Bu barədə bankın Avropa və Mərkəzi Asiya üzrə regional departamentinin nümayəndələri Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşdə məlumat veriblər.
Bankın nümayəndələri neft-qazla çirklənmiş torpaqların təmizlənməsi potensialının artırılmasının vacibliyini və DB, Azərbaycan hökuməti və ADNŞ arasında bu torpaqların ekoloji təmizlənməsi üçün vahid proqramın hazırlanmasında əməkdaşlığın mümkün istiqamətlərini qeyd edib.
Abdullayev vurğulayıb ki, Dövlət Neft Şirkəti geniş miqyaslı ekoloji proqramın reallaşdırılması üzrə ciddi hazırlıq işləri aparıb, həcmi müəyyən edib, xəritələr və ümumi konsepsiya hazırlayıb.
ADNŞ rəhbərinin fikrincə, çirklənmənin qarşısının alınması, artıq çirklənmiş torpaqların təmizlənməsi və rekultivasiyası üzrə işlər paralel olaraq aparılmalıdır. Texniki-iqtisadi planların hazırlanması üçün quruda neft-qaz hasil edən müəssisələrin iş proqramının dəqiqləşdirilməsi aparılır. Həmçinin təmizlənməyə ehtiyacı olan torpaqlarda yaşayan əhalinin köçürülməsi üzrə işlər aparılır. Bu məsələlərin həlli üçün ADNŞ-də ekologiya idarəsi yaradılıb.