Azərbaycan, Bakı / müxbir Trend Ü.İsmayılova/Xəzər qazının Avropaya çatdırılması Türkiyə ərazisi vasitəsilə ixrac hesabına əhəmiyyətli dərəcədə artırıla bilər. Bu barədə çərşənbə axşamı Bakıda "Xəzər neft və qaz - 2007" sərgi-konfransının açılışında çıxış edən Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyi katibinin müavini Yusuf Yazar bəyan edib.
"Türkiyə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini çox vacib hesab edir" - deyə o bildirib.
Açılış mərasimində çıxış edən Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin nazir müavini Xartmurt Şnayder bildirib ki, Xəzər regionu hazırda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. "Regionda özünəməxsus çətinliklər və imkanlar var" - deyə o bildirib. Onun sözlərinə görə, regiondakı çətinliklər neft və qaz ixracından əldə olunan gəlirlərin effektiv istifadəsi ilə bağlıdır.
"Almaniya enerji məsələləri üzrə Azərbaycanın əməkdaşı olmaq arzusundadır" - deyə nazir müavini bildirib.
Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin Mərkəzi Asiya, Qafqaz, Rusiya, Ukrayna, Belarus və Moldova üzrə nümayəndəsi Frank Vayzinq bəyan edib ki, Almaniya Azərbaycandan təbii qazın idxal imkanını nəzərdən keçirir.
Almaniyada ümumi qaz istehlakı ildə 100 mlrd. kubmetr təşkil edir.