...

Misir COP29-da fəal iştirak etməyi səbirsizliklə gözləyir - Rania Al-Maşat

Yaşıl iqtisadiyyat Materials 8 İyun 2024 12:37 (UTC +04:00)
Misir COP29-da fəal iştirak etməyi səbirsizliklə gözləyir - Rania Al-Maşat
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Qahirə. Trend:

Misir COP29-da fəal iştirak etməyi səbirsizliklə gözləyir.

Trend xəbər verir ki, bu barədə Misirin beynəlxalq əməkdaşlıq naziri vəzifəsini icra edən Rania Al-Maşat jurnalistlərə deyib.

"COP-un keçirilməsi çox mühüm hadisədir, çünki iqlimlə əlaqəli qlobal hədəflərə nail olmaq üçün hansı həcmdə maliyyələşdirməyə ehtiyac olduğunu və beynəlxalq əməkdaşlığı hansı istiqamətdə qurmaq lazım olduğunu nümayiş etdirməyə imkan yaradır", - o deyib.

Rania Al-Maşat Misirdə bu sahədə bir çox istiqamətin araşdırıldığını qeyd edib.

"Bunlardan biri İtki və Zərər Fondudur və fikrimcə, bu istiqamətdə fəaliyyət COP29-da davam etdiriləcək. İkincisi ölkə platformalarıdır. Bundan başqa, ölkələrimiz üçün prioritet olan layihələri həyata keçirə bilmək üçün konsessiya və maliyyələşdirməni səfərbər etməyə çalışırıq. Məqsədlərimizə nail olmaq iqtidarında olduğumuzdan əmin olmaq üçün beynəlxalq maliyyə institutları, çoxtərəfli inkişaf bankları ilə necə fəaliyyət göstərməli olduğumuzu müəyyən etməliyik", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Afrikanın emissiyalarda payı qlobal miqyasda ən azı 4 faizdir, lakin irəli sürülən tələblər daha böyük həcmdə güzəştli maliyyələşdirməyə ehtiyac olduğunu göstərir.

"Bu səbəbdən COP29-da fəal iştirak etməyi səbirsizliklə gözləyirik. Azərbaycan xalqını COP-a ev sahibliyi edəcəyi münasibətilə təbrik edir və onlara bu son dərəcə mühüm konfransda uğurlar arzulayırıq", - deyə o sonda qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti