...

Azərbaycan beynəlxalq təşkilatlarla optimal "yaşıl" vergi siyasətinin hazırlanması üzrə danışıqlar aparır

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2024 12:21 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq təşkilatlarla Azərbaycanın optimal “yaşıl” vergi siyasətinin hazırlanması üçün danışıqlar aparılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən karbon emissiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Forumda bildirib.

Orxan Nəzərli beynəlxalq praktikada geniş tətbiq olunan karbon emissiyalarının azaldılmasına yönəlmiş "karbon vergisi" və ya oxşar rüsumun tətbiqi imkanlarının araşdırılmasının vacibliyini bildirib.

"Bu tədbirlər çərçivəsində, ölkəmizdə karbon emissiyalarının ölçülməsi sisteminin yaradılması da müzakirə olunur ki, bu da vergiləndirmə üçün əsas olacaq. Ekoloji mühafizə üçün dünyanın digər ölkələrində tətbiq olunan oxşar tədbirlərin həyata keçirilməsi prosesləri hökumət səviyyəsində müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə fəal müzakirə olunur.

Beynəlxalq təşkilatlarla, tədqiqat mərkəzləri, təhsil müəssisələri və sənaye nümayəndələri ilə təcrübə mübadiləsi və bu cür təşəbbüslərin həyata keçirilməsində yaranan çağırışların analizi istiqamətində danışıqlar aparılır. Biz yalnız ən yaxşı təcrübələri öyrənmirik, həm də onların gətirdiyi çağırışları müzakirə edərək, ölkəmiz üçün optimal vergi siyasətinin formalaşmasına çalışırıq", - o qeyd edib.

O.Nəzərli qeyd edib ki, Azərbaycanda artıq aşağı emissiyalı məhsul və texnologiyaların istehsalını və istifadəsini təşviq edən qanunvericilik aktları qəbul edilib.

"Vergi siyasətinin "yaşıl" iqtisadiyyatın stimullaşdırılmasındakı rolu son dərəcə böyükdür. Bunu nəzərə alaraq, bərpa olunan enerji mənbələrinə investisiyaların dəstəklənməsi və vergi alətləri ilə istehsal sektorunda, eləcə də, ixrac edilən məhsullarda karbon izinin azaldılması milli vergi sisteminin mərkəzindədir. Ətraf mühitin qorunması üçün bir çox tədbirlər görülür və vergi alətləri bu təşəbbüslərin dəstəklənməsində aktiv rol oynayır.

Biz əminik ki, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi və iqlim yönümlü "yaşıl" iqtisadiyyata keçid yalnız vergi siyasəti və ya biznes üçün əlavə vergilərin tətbiqi ilə deyil, həm də bərpa olunan enerji mənbələri və "yaşıl" texnologiyaların istifadəsinin stimullaşdırılması ilə mümkündür.

Bizim ölkədə artıq aşağı emissiyalı məhsul və texnologiyaların istehsalını və istifadəsini təşviq edən qanunvericilik aktları qəbul edilib. Məsələn, elektrik avtomobilləri və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərrikləri üçün şarj qurğuları və bərpa olunan enerji mənbələrindən istifadə edərək aktiv istehlakçılar tərəfindən istehsal edilən artıq elektrik enerjisinin şəbəkəyə ötürülməsinin stimullaşdırılması göstərilə bilər. "Yaşıl" enerji istehsalçıları üçün iqtisadi stimulların verilməsi bizim prioritetlərimizdən biridir", - o deyib.

O.Nəzərli vurğulayıb ki, iqlim dəyişmələri qlobal təhlükədir və insanlığın sağlamlığına, bizim varlığımızın ən dəyərli aspektlərindən birinə təhlükə yaradır.

"Bu səbəbdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal səviyyədə iqlim dəyişmələri ilə mübarizədə mühüm funksiyanı yerinə yetirir. Bu platformada qəbul edilən qərarlar dünya ölkələrinə iqlim dəyişmələri ilə daha səmərəli mübarizə aparmağa imkan yaradır və dayanıqlı inkişafı təşviq edir.

Bu mübarizədə iqlim dəyişmələri tendensiyaları, uyğunlaşma mərhələləri, təsirlərin yüngülləşdirilməsi, ziyan və itkilərin qiymətləndirilməsi kimi aspektlərin rolu önəmlidir. Bu aspektlər ölkələrin daha dayanıqlı gələcək üçün birgə fəaliyyətini dəstəkləyir. Elə buna görə də bu gün burada toplaşmışıq ki, iqlim dəyişmələri ilə mübarizədə ən təsirli vasitələrdən birini - karbon qiymətləndirməsini müzakirə edək. Karbon qiymətləndirməsi, iqtisadi amilləri istixana qazlarının emissiyalarını azaltmağa təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən vacib bir alətdir", - o açıqlayıb.

Onun sözlərinə görə, bu sahədə təcrübə mübadiləsi müxtəlif ölkələrdə və şirkətlərdə tətbiq olunan karbon emissiyalarının qiymətləndirməsi üzrə alətlərinin effektivliyini ölçməyə və onları təkmilləşdirməyə imkan tanıyır.

"Hər bir ölkə və şirkət iqlim dəyişmələri ilə mübarizədə müxtəlif çağırışlar və problemlərlə qarşılaşır. Bu problemlərin həllindən əldə edilən dərslər digər ölkələr və şirkətlər üçün dəyərli ola bilər. Təcrübə mübadiləsi karbon emissiyalarının qiymətləndirməsi üzrə strategiyalarının qlobal səviyyədə yayılması və tətbiqini asanlaşdırır. Bu yola yeni başlayan ölkələr və şirkətlər, daha təcrübəli tərəfdaşların uğurlarından və səhvlərindən öyrənərək risklərini azalda bilərlər. Bu, karbon emissiyalarının qiymətləndirməsi üzrə alətlərinin tətbiqində mümkün olan maneələri daha yaxşı anlamağa və onları uğurla aşmağa kömək edir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti