...

Avropa tədqiqatçıları Azərbaycan alimlərinin elmi işlərinin kommersiyalaşdırılmasında maraqlıdırlar

Telekommunikasiya Materials 9 İyun 2011 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir H.Vəliyev/

Avropa tədqiqatçıları Azərbaycan alimlərinin elmi işlərinin kommersiyalaşdırılmasında maraqlıdırlar. Bu barədə Trend-ə cümə axşamı Regional İnformasiya Texnologiyaları Akademiyasının (RİTA) direktoru Tofiq Babayev deyib.

Onun sözlərinə görə, RİTA Avropa İttifaqına Azərbaycan alimlərinin 8 elmi layihəsini təqdim edib. Onlardan üçü Avropa tədqiqatçılarının böyük marağına səbəb olub. Onlar artıq Azərbaycan alimləri ilə konsorsiumda işləmək barədə istəklərini bildiriblər.

Birinci layihə - Fizika İnstitutunun elektrik kompozitlərində polimer gibridində yerləşən aktiv materialların birinci dərəcəsinin hazırlanması.

İkinci layihə - Kibernetika İnstitutunun robot texnologiyasından və səs monitorinqi nəzəriyyəsindən istifadə etməklə ürək-damar sisteminin monitorinqi üçün mobil texniki proqram kompleksinin hazırlanması.

Üçüncü layihə - "Kiber" şirkətinin elektrik enerjisi resurslarına optimal nəzarət sistemi layihəsi.

"Biz 3 layihənin annotasiyasını təqdim etmişik və onlar Avropanın digər elmi birlik və təşkilatlarının nümayəndələrini maraqlandırsa, Avropa İttifaqının "İnformasiya və kommunikasiya texnologiyaları" (ICTFP 7) mövzusunda 7-ci çərçivə proqramı zamanı iyulun 17-dən etibarən tender elan ediləcək və 2012-ci ilin yanvarınadək davam edəcək", - Babayev bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan alimləri avropalı həmkarları ilə bu layihələrin həyata keçirilməsi üçün prqoram-aparat həlləri hazırlayacaqlar.

"Hazırda İspaniya tədqiqatçıları insan orqanizminin vəziyyətinin diaqnostikası üçün mobil qurğuların hazırlanması üzrə təcrübəyə malik strukturun, Fransa tədqiqatçıları isə siqnalların emalı təcrübəsinə malik təşkilatın olmasını bildiriblər. Bizim məqsədimiz bu təşkilatlarla əlaqə yaratmaq, ideya vermək və layihənin hazırlığına başlamaqdır. Bu qurğuların işlənməsinə və təcrübi nümunələrin hazırlanmasına azı 3 il lazım olacaq. Elmi layihələr lazımi dəstək qazansa, bu o deməkdir ki, onlar kommersiyalaşdırılacaq və dünya bazarına çıxarılacaq", - Babayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti