...

Azərbaycanda "Biznes İnkubasiya Mərkəzi"nin iştirakçılarının seçimi qaydaları hazırlanacaq

Telekommunikasiya Materials 11 Yanvar 2014 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar Parkının "Biznes İnkubasiya Mərkəzi"nin iştirakçılarının seçimi qaydalarını hazırlayacaq. Bu barədə Trend-ə Parkının baş direktorunun müavini Cabbar Musayev bildirib.

Onun sözlərinə görə, qaydalar "Biznes İnkubasiya Mərkəzi"nin iştirakçılarının seçimi meyarlarının müəyyən edilməsini nəzərdə tutur.

C.Musayev qeyd edib ki, qaydaların hazırlanması üzrə işlər yaxın vaxtlarda başa çatacaq.

Ümumi sahəsi təqribən 2 min kvadratmetr olacaq yeni inkubasiya mərkəzi Bakıda "AF Business House"un üçüncü mərtəbəsində yerləşəcək.

"Biznes İnkubasiya Mərkəzi"ndə həm inkubasiya, həm də Yüksək Texnologiyalar Parkının Baş İdarəsi yerləşəcək. Mərkəzin fəaliyyəti iki prinsipə əsaslanacaq. "Open office" adlanan birinci prinsip hər kəsə ayrı-ayrılıqda bir konkret layihə üzərində işləməyə imkan verəcək. İkinci - "shared office"də beşə qədər şirkət yerləşə bilər. Hər bir şirkət komanda şəklində layihə üzərində işləyə bilər.

Mərkəzin iştirakçıları kompüter və internetə çıxışla təmin olunacaqlar.

Yüksək Texnologiyalar Parkının inşası Bakının Pirallahı rayonunda nəzərdə tutulub. Parkın tikintisi üçün 50 hektar torpaq sahəsi ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti