...

"Microsoft Build 2015" konfransında 10 önəmli bəyanat

Telekommunikasiya Materials 5 May 2015 15:47 (UTC +04:00)
“Microsoft Build” konfransı son zamanlar geniş tamaşaçı kütləsi cəlb edən tədbirlərdən biridir.
"Microsoft Build 2015" konfransında 10 önəmli bəyanat

Azərbaycan, Bakı, 5 may /Trend/

"Microsoft Build" konfransı son zamanlar geniş tamaşaçı kütləsi cəlb edən tədbirlərdən biridir. Ötən il məhz "Build" konfransında ilk dəfə olaraq "Cortana" səsli köməkçisinin təqdimatı keçirilib.

2015-ci il tədbirindən insanların başlıca gözləntiləri buraxılışı bu ilin yay aylarında gözlənilən "Windows 10" əməliyyat sistemi və "HoloLens" əlavə reallıq eynəkləri barədə daha ətraflı məlumat əldə etmək idi. "Microsoft Build 2015" konfransında səslənmiş 10 mühüm bəyanatı diqqətinizə çatdırırıq:

1. "Windows 10" milyard qurğuda

Güman olunur ki, "Microsoft" Korporasiyası yeni hədəf müəyyən edib. Şirkətin top menecerləri "Build"in açılışında dəfələrlə vurğulayıblar ki, "Windows 10" yaxın 2-3 il ərzində milyarda yaxın cihazda aktivləşdiriləcək. Bu, hələ ki, pulsuz yeniləmə ilə diqqət cəlb edən marketinq bəyanatıdır. "Microsoft" bu bəyanatla "Android" və iOS ilə rəqabətdə daha çox proqram tərtibatçısını cəlb etməyə çalışır. Bir əməliyyat sisteminin milyard qurğuda istifadə olunması ideyası proqram tərtibatçılarının tətbiqlərinin irəliləməsi və onların gəlir əldə etməsi üçün cəlbedici fürsətdir. Əgər "Microsoft" şirkəti eyni zamanda kompüterlərdə, mobil telefonlarda, konsollarda və hətta "HoloLens" əlavə reallıq eynəklərində istifadə edilə bilən vahid (universal) platforma strategiyasını uğurla reallaşdırarsa, o zaman hədəfə nail ola bilər.

2. "Android" və iOS-dan keçid

Sıradakı bəyanat zalın coşqun reaksiyasına səbəb olub. "Microsoft"un platformalar üzrə vitse-prezidenti Terri Mayerson "Android" və iOS tətbiqlərinin asanlıqla "Windows 10" ƏS-nə daşınması haqqında danışıb. Başlıca ideya ondan ibarətdir ki, veb-tətbiqin kodunu, ".NET" və ya "Win32", əsasən "Android" tətbiqləri üçün istifadə olunan "Java/C++" və iOS tətbiqlərinin yazılması üçün istifadə olunan "Objective C" kodlarını "Visual Studio"ya yükləyərək "Windows 10"a uyğun yeni interfeys hazırlamaq, daha sonra isə "Windows Store"a yerləşdirmək mümkündür. Məşhur "Candy Crush Saga" oyunu məhz bu üsulla "Windows 10" platformasına uyğunlaşdırılıb.

3. "Office" platforma kimi

"Office" tətbiqi "Microsoft"un başlıca gəlir mənbələrindən biridir. Şirkətdən verilən məlumata əsasən, 1,2 milyard istifadəçi adıçəkilən tətbiqdən istifadə edir. "Microsoft" bəyan edib ki, "Office" gələcəkdə kross-platformalılıq (fərqli əməliyyat sistemlərində istifadə olunma imkanı) və kənar servislərlə inteqrasiya istiqamətində inkişaf etdiriləcək. "Windows" platformasında "Word", "Excel" və "PowerPoint" proqramlarında mövcud olan "add-ins" əlavələrindən artıq "iPad" planşetlərində "Excel" proqramında və "Outlook"da da faydalanmaq olar. Başqa sözlə desək, istifadəçi poçt tətbiqindən çıxmadan "Uber" taksi xidmətinə müraciət edə və ya "PayPal" vasitəsilə pul köçürmələrini həyata keçirə bilər.

4. Holoqramlar fəaliyyətdə

"Microsoft" bu ilin yanvar ayında ilk dəfə olaraq "HoloLens" əlavə reallıq eynəyini nümayiş etdirib. "Google Glass" layihəsinin uğursuzluğundan sonra heç kəs "HoloLens"i dəyərləndirməyə tələsmirdi. Ancaq "Build" konfransında "Microsoft" Korporasiyası "HoloLens" layihəsinin real olduğunu və "Disney", NASA kimi tərəfdaş şirkətlərin, həmçinin "Unity" - tanınmış oyun şirkətinin artıq bu cihaz üçün proqram tərtibatı ilə məşğul olduğunu nümayiş etdirib.

5. "Internet Explorer"in əvəzlənməsi

"Microsoft" şirkətinin gözlənilən yeniliklərindən biri də indiyədək "Project Spartan" kod adı ilə tanınan yeni "Microsoft Edge" brauzeridir. Brauzerdə yer almış yenilikər sırasına veb-səhifədə qeydlərin aparılması, şərh edilərək paylaşması, kitab, jurnal, "offline" rejimlər təqdim edən yeni qiraət funksiyası, "Cortana" səsli assistent ilə qarşılıqlı inteqrasiya və s. aiddir. Ehtimal olunduğu kimi, "Edge" brauzeri "Windows 10" əməliyyat sisteminin baza brauzeri olacaq, lakin konservativ istifadəçilər üçün "Internet Explorer"dən istifadə etmək imkanı yaradılacaq.

6. Proqram tərtibatçıları üçün motivasiya

"Microsoft" proqram tərtibatçılarını həvəsləndirmək məqsədilə "Windows Store"da ödəniş etmək üçün yeni imkanlar təqdim edib. Başlıca yenilik bank kartına bağlı olmadan mobil qurğunun hesabından ödənişlərin qəbul edilməsidir ki, bu da "Windows 10" platformasında işləyən smartfonların inkişafda olan ölkələrdə istifadə imkanlarını genişləndirəcək. "Microsoft" biznes istifadəçilər üçün nəzərdə tutulmuş və onlara korporativ ödəniş metodlarından yararlanmağa imkan verəcək "Windows Store for Business" tətbiqlər mağazasını da təqdim edib.

7. Smartfon transformasiya olunur...

"Windows 10"nun smartfonlar üçün nəzərdə tutulmuş diqqətəlayiq funksiyalarından biri "Continuum"dur. Şirkət rəsmilərinin sözlərinə görə bu funksiyadan yararlanaraq smartfona əlavə ekran və klaviatura qoşmaqla onu stolüstü kompüter kimi istifadə etmək olar. "Microsft"un vitse-prezidenti Co Blefiorenin bəyanatına əsasən, bu funksiyadan faydalanmaq üçün iki ekran dəstəkləyən smartfon tələb olunur. Bəlkə də, bu, "Microsoft Mobile"ın gələcək planlarına olan işarədir.

8. Universal əsgər

Ötən "Build" konfransından etibarən şirkət fəal olaraq müxtəlif "Windows 10" qurğularında (smartfon və ağıllı saatdan başlayaraq "Xbox", "HoloLens", kompüterədək) istifadə olunacaq universal tətbiqlər ideyasını inkişaf etdirir. Proqram tərtibatçıları konfransda təqdimat zamanı "Cortana" səsli köməkçinin digər tətbiqlərə inteqrasiyasını nümayiş etdiriblər: Onlar "Cortana" vasitəsi ilə "Viber"dən zəng ediblər.

9. Pullu "bulud"

"Microsoft"un baş direktoru Satya Nadella öz çıxışı zamanı qeyd edib ki, 2018-ci maliyyə ilində (2017-ci ilin ortalarından başlayaraq) şirkətin kommersiya məqsədli "bulud" məhsullarına ("Azure", "Office365" və s.) ildə 20 milyard dollar vəsait cəlb edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, "Microsoft"un son rübdəki gəliri 21,7 milyard dollar təşkil edib.

10. İrihəcmli məlumatlar

"Microsoft" irihəcmli məlumatların emalı üçün həlləri də nəzərdən qaçırmayıb. Bunun üçün şirkət yeni "Azure SQL Data Warehouse" və "Azure Data Lake" məhsullarını təklif edir ki, "Azure Data Lake" həcmi petabaytlarla ölçülən məlumatları dəstəkləyir.

"Microsoft" öz hədəfini dəqiq olaraq müəyyən edib - şirkət yeni "Windows"un istifadəçilər tərəfindən sevilməyini istəyir və bu istiqamətdə bütün resurslarını xərcləməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti