...

Pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələri təhlükəlidir?

Telekommunikasiya Materials 2 İyun 2015 00:35 (UTC +04:00)
İctimai yerlərdə pulsuz Wi-Fi şəbəkəsi cazibədar səslənir. Son vaxtlar bu məsələ Azərbaycanda aktiv şəkildə müzakirə edilir.
Pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələri təhlükəlidir?

Hüseyn Vəliyev - Trend:

İctimai yerlərdə pulsuz Wi-Fi şəbəkəsi cazibədar səslənir. Son vaxtlar bu məsələ Azərbaycanda aktiv şəkildə müzakirə edilir.

Çoxlarının ciddi qəbul etmədiyi bir sıra nüanslar var ki, onlardan birincisi də təhlükəsizlikdir. Artıq bir çox Avropa ölkələri pulsuz, internetə açıq çıxışı olan ictimai Wi-Fi şəbəkəsinin təhlükəli olduğunu başa düşüb. Belə ki, qeydiyyat və yoxlama olmadan şəbəkəyə daxil olmaq cinayətkarlara veb resursları ələ keçirməyə, haker hücumlarını və hətta terrorizm hücumlarını həyata keçirməyə imkan yaradır.

Bir çox ölkələr ictimai yerlərdə (aeroportlar, kafelər, parklar və s.) internetə açıq çıxışı olan Wi-Fi şəbəkəsində müəyyən məhdudiyyətlər qoyub, ya da bunun üzərində işlər aparılır.

Təhlükəsizliklə bağlı olan bu məsələlər Azərbaycan üçün də aktualdır. Əsas məsələ açıq internet çıxışından təhlükəsiz şəkildə istifadə etməyə imkan verəcək işlək mexanizm yaratmaqdır. Xarici ölkələrin təcrübələrinə əsasən, bu mexanizm aşağıdakı şəkildə ola bilər. Məsələn, aeroportda açıq çıxış təyyarədə eniş biletinə daxil edilə bilər. Başqa ictimai yerlərdə (parklar, ticarət və əyləncə mərkəzləri və s.) fərqli qeydiyyat üsulları tətbiq edilə bilər. Əsas odur ki, insanlarda bir fikir formalaşsın - bütün bu tədbirlər yalnız bir məqsədə - təhlükəsizliyin təmin edilməsi və terrorizmlə mübarizəyə xidmət edir.

Wi-Fi şəbəkəsinə açıq çıxışın tətbiq edilməsi Almaniyada çox yayılan təcrübə deyil, İtaliyada isə pulsuz Wi-Fi şəbəkəsinə daxil olmaq üçün mobil telefonun nömrəsini qeyd etmək lazımdır. Bundan sonra SMS vasitəsilə telefona verifikasiya məlumatları göndərilir.

İspaniyanın kafe və restoranlarında adətən belə çıxış nöqtələri "Wi-Fi Free" lövhəciyi ilə göstərilir, parol isə stolun üstündə və ya çekdə qeyd edilir.

Rusiyada ictimai yerlərdə Wi-Fi şəbəkələrinə anonim çıxışa qadağa ötən ildən tətbiq edilməyə başlayıb. Normativ akta əsasən, internet xidmətlər təklif edən şirkət istifadəçini ya şəxsiyyət vəsiqəsi, ya mobil telefonun nömrəsi, ya da ümumi qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçirir. Provayder altı ay ərzində məlumatları yadda saxlamalı və lazım olduğu təqdirdə hüquq mühafizə orqanlarına təqdim etməlidir.

Bakıda ictimai yerlərdə pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin sayının artırılması məsələsi aktuallıq qazanır. Paytaxtın bütün ictimai yerləri, demək olar ki, Wi-Fi şəbəkəsi ilə əhatə olunub. Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yarışların keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə də pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələri açılacaq.

Bu nöqtələrin əksəriyyəti əsasən mobil rabitə operatorları və provayderlər tərəfindən təklif edilir. Operatorlar iki ay ərzində bu xidməti pulsuz təklif edəcək, daha sonra ödəniş tələb olunacaq.

Beləliklə, Azərbaycanda pulsuz Wi-Fi şəbəkələrinə çıxış əldə etmək üçün qeydiyyatın hansı üsulla aparılacağını zaman göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti