Bakı. Trend:
“Açıq hökumət məlumatları” portalında məlumatların sayının artırılıması ilə bağlı işlərə başlanılıb.
Bu barədə Trend-ə Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) “Açıq hökumət məlumatları” mövzusunda görüş keçirilib. Nazirliyin bütün strukturlarını əhatə edən görüşdə “Açıq Hökumət Məlumatları” portalı, açıq məlumatlar, bu məlumatlar üzərindən hazırlanmış mobil tətbiqlər və bu tətbiqlərin dünya iqtisadiyyatına gətirdiyi gəlir, eyni zamanda portalda açıq məlumatların sayının artırılması barədə müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini Elçin Əliyev açıq məlumatların “Elektron hökümət” quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu vurğulayıb. Elçin Əliyev artıq 2 ildir ki, vətəndaşların ixtiyarında olan, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili imkanları hesabına yaradılmış “data.gov.az” adlı “Açıq Hökumət Məlumatları” portalında 25 adda məlumat yer aldığını qeyd edib.
MHM-in baş mütəxəssisi Nadir Rəsulov isə “Açıq Hökumət Məlumatları” portalında açıq məlumatların sayının artırılmasını qarşıya məqsəd qoyulduğunu nəzərə çatdırıb. Bu məqsədlə nazirliyin bütün strukturlarından öz səlahiyyətləri çərçivəsində ictimai əhəmiyyətli məlumatları kompüter proqramı tərəfindən oxunaqlı formata gətirərək, hökumət portalına yerləşdirmək tələb olunur. Nadir Rəsulov qeyd edib ki, hansı məlumatları açıq etmək hər bir qurumun öz səlahiyyəti çərçivəsindədir, açıq edilən məlumatlar formatı isə müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olmalıdır.
Daha sonra marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov “Açıq Hökumət Məlumatları” portalı haqda keçirdiyi təqdimatda iştirakçılara “açıq hökumət, açıq məlumatlar, açıq servislər”lə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, sahibkarlara dəstək, startapların və vətəndaş cəmiyyətinin inkıişafı, açıq hökumət məlumatlarının əsas istiqamətləridir. Bu məqsədlə hər kəs fəaliyyət göstərdiyi qurumun mülkiyyətində olan müvafiq məlumatların “Açıq Hökumət Məlumatları” portalına yerləşdirilməsini təmin etmək üçün təşəbbüs göstərməli və bu sahənin inkişafına dəstək olmalıdır.
Görüşdə məlumatların açıq edilməsi və portalın texniki məsələləri ilə bağlı MHM-in Yeni Texnologiyalar şöbəsinin müdiri Cəmşid Naxçıvanski ətraflı məlumat verib. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.