Bakı. Trend:
“Bostоn Consulting Group” (BCG) ilə Azərbaycan arasında gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri süni intellekt sahəsində Bakı ilə Kaliforniya arasında “körpünün” yaradılmasıdır.
Bunu BCG-nin idarəedici direktoru və tərəfdaşı Anton Aristov Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransı çərçivəsində Trend-ə açıqlamasında bildirib.
“BCG-nin Azərbaycan şirkətləri, xüsusilə də neft-qaz sektoru ilə, həmçinin digər sahələrlə uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. Hesab edirik ki, əməkdaşlığımızın növbəti mərhələsi məhz süni intellekt sahəsi olacaq. Hazırda bizim çox vacib təşəbbüsümüz – enerji keçidi istiqamətində “Caspian AI Institute” layihəsi var”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu layihə Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə həyata keçirilir.
“Əminik ki, bu institut neft-qaz sənayesi ilə süni intellektin qovşağında kəsişən səriştələrə malik kadrların hazırlanmasında yeni bir səhifə açacaq”, – şirkət nümayəndəsi deyib.
O qeyd edib ki, bu yanaşma mütəxəssislərə biliklərinin sinerjisini və həm də peşəkar potensiallarını Silikon vadisi kimi qlobal süni intellekt mərkəzlərində nümayiş etdirməyə imkan verəcək.
“Məhz bu bizə ilham verir və əməkdaşlığımızı maksimum dərəcədə inkişaf etdirməyə çalışdığımız istiqaməti müəyyən edir. Əsas məqsədimiz odur ki, ölkə süni intellekt sahəsində həllər təqdim edən aparıcı qlobal şirkətlərlə, xüsusilə “Silikon vadisi”ndə fəaliyyət göstərən təşkilatlarla eyni səviyyədə olsun”, – deyə A. Aristov vurğulayıb.
Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində Azərbaycan mütəxəssisləri öz ideyalarını təqdim edə, vençur maliyyələşməsi cəlb edə, həmçinin ölkəyə beynəlxalq əlaqələr və qabaqcıl texnologiyalar üzrə biliklər gətirə biləcəklər.
“Bu kontekstdə Bakı ilə Kaliforniya arasında bir “körpünün” yaradılması bizim üçün xüsusi bir ilham mənbəyidir və gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir”, – deyə A. Aristov yekunlaşdırıb.
