...

Fərhad Hacıyev: Azərbaycan gəncləri Avropa İttifaqının proqramlarında daha aktiv iştirak etməlidirlər

Cəmiyyət Materials 29 Oktyabr 2012 12:53
Azərbaycan Gənclər Fondu gəncləri Avropa İttifaqının proqramlarında daha aktiv iştirak etməyə çağırıb.
Fərhad Hacıyev: Azərbaycan gəncləri Avropa İttifaqının proqramlarında daha aktiv iştirak etməlidirlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Gənclər Fondu gəncləri Avropa İttifaqının proqramlarında daha aktiv iştirak etməyə çağırıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bazar ertəsi Trend-ə bildirib ki, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində Şərqi Avropa və Qafqaz ölkələri üçün 12 milyon avro ayrılıb. "Azərbaycan gəncləri burada aktivlik göstərərək yeni layihələrlə müraciət etməlidirlər, yeni tərəfdaşlar dəvət edib Azərbaycanda layihələri icra etməlidirlər", - o deyib.

Hacıyev qeyd edib ki, Avropada gedən proseslərdə MDB məkanından ən aktiv iştirak edən məhz Azərbaycan gəncləridir. "Gənclərimiz Avropa İttifaqının, Avropa Şurasının müxtəlif proqramlarında, həmçinin könüllülər proqramlarında aktiv iştirak edirlər. Azərbaycanda beynəlxalq əlaqələr qururlar, beynəlxalq təşkilatlar yaradırlar. Bütün bunlar Azərbaycan dövlətinin gəncliyə olan dəstəyi ilə yanaşı, Azərbaycan gəncliyinin özünün aktivliyinin nəticəsində baş verib", - o deyib.

Fondun icraçı direktoru qeyd edib ki, 10-15 il öncə Azərbaycan gənclərinin Avropa ölkələrində təşkil olunan hansısa tədbirə getməsi problem idisə, artıq bütün yaradılan beynəlxalq qurumlarda Azərbaycan gəncləri təmsil olunur, Azərbaycanda beynəlxalq əhəmiyyətli təşkilatlar yaradılır.

Qeyd edək ki, bu gün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğunun təşkilatçılığı ilə "Sərhədsiz gənclər əməkdaşlığı" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.

Tədbirdə Azərbaycanla yanaşı, Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Mərakeş, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələri iştirak edirlər. Forumun məqsədi Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramının tərəfdaş ölkələrinin gəncləri arasında qeyri-formal təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti