...

İranın nüvə proqramı və Qərbin tarixi səhvləri - Trend-in icmalçısı

Nəzər nöqtəsi Materials 2 İyun 2010 09:00 (UTC +04:00)
Yaponiyalı baş katib Yukiya Amanonun Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) rəhbərlik etdiyi dövrdə İranın nüvə proqramı ilə bağlı yaydığı ikinci məruzəsində bir daha rəsmi Tehranın nüvə proqramının qeyri-şəffaflığı qeyd olunub.
İranın nüvə proqramı və Qərbin tarixi səhvləri - Trend-in icmalçısı

Trend-in Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Yaponiyalı baş katib Yukiya Amanonun Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) rəhbərlik etdiyi dövrdə İranın nüvə proqramı ilə bağlı yaydığı ikinci məruzəsində bir daha rəsmi Tehranın nüvə proqramının qeyri-şəffaflığı qeyd olunub. Beynəlxalq ictimaiyyətin İranın Qərb ilə uran mübadiləsinə razılıq verməsini müsbət qiymətləndirməsinə baxmayaraq, bu məruzə İrana qarşı yeni dövr iqtisadi sanksiyaları müzakirə edən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə təsirsiz ötməyəcək və yəqin ki, yeni dövr sanksiyaların qəbulunu tezləşdirəcək.

BAEA-nin sabiq misirli baş katibi Məhəmməd əl-Baradeyinin məruzələrindən fərqli olaraq, hazırkı rəhbərin məruzələri daha konkret şəkildə İranın nüvə proqramının qeyri-şəffaflığını və bununla bağlı narahatlıqları əks etdirir.

Məruzədə İranın nüvə proqramı ilə hərbi fəaliyyətləri arasında əlaqələrlə bağlı rəsmi Tehranın şəffaflıqdan qaçması, BMT TŞ-nin 1737 (2006), 1747 (2007), 1803 (2008), 1835 (2008) saylı qətnamələrinə baxmayaraq, İranın uranın zənginləşdirilməsi planını davam etdirməsi, hazırda 2427 kq 3,5 faiz zənginləşdirilmiş urana malik olması və aprel ayınadək ən azı 5,7 kq 20 faiz uran istehsal etdiyi qeyd olunub. Həmçinin məruzədə bildirilib ki, İran 20 faizlik uran istehsalı üçün ikinci sentrifuq şəlalələrini də quraşdırıb.

"İran və Qərb arasında konkret hansı problem var" sualına gəldikdə, düşünürük ki, əsas problem İranın nüvə silahı istehsalı etməsi ilə bağlı şübhələr deyil, tarixi bədbinlik və iqtisadi maraqlardır. Onsuz da İranın nüvə proqramı tamamilə qaranlıq mövzudur və İran hakimiyyətinin daxildə və xaricdə yürütdüyü siyasət və diplomatiya normal deyil.

İranın daxilində xalqa tətbiq olunan analoqsuz repressiyalara və hərbçilərin hakimiyyətinə baxanda, Əhmədinejad hakimiyyəti dövründə rəsmi Tehranın nüvə proqramına haqq qazandırmaq mümkun olmasa da, son 200 illik İran tarixini nəzərdən keçirən hər hansı bir tərəfsiz müşahidəçi Qərbin iddialarına ciddi yanaşmaz.

Əlbəttə ki, İran potensial olaraq əldə etdiyi 2,4 ton zəif urandan ən azı 2 nüvə silahı istehsal edə bilər. Lakin Qərb nə dərəcədə öz şübhələri və iddialarında doğrudur?

1951-ci ildə xalq arasında milli qəhrəman olan Milli Hərəkat Təşkilatının rəhbəri Məhəmməd Müsəddiqin Baş nazirliyi dövründə İranın nefti milliləşdirməsinə qarşı Böyük Britaniyanın və sonralar ABŞ-ın provokasiyaları hələ də tarixdən silinməyib.

Böyük Britaniyanın İranda fəaliyyət göstərən "İran-İngiltərə" neft şirkətinin milliləşdirilməsinə qarşı BMT və Beynəlxalq Haaqa məhkəməsinə müraciəti nəticəsiz qaldıqdan sonra, Britaniyanın ölkənin cənub sularına hərbi gəmilər yerləşdirməsi və nəhayət İranın 32 yaşlı iradəsiz kralı Məhəmməd Rza şahın dövründə 1952-ci ildə dövlət çevrilişi məqsədilə "But" "(Boot") əməliyyatını həyata keçirməsi planı açıq şəkildə Qərbin İrana qarşı alçaldıcı baxışlarını göstərir. But əməliyyatı uğursuz nəticələnsə də, 1953-cu ildə Britaniyanın Baş naziri Uinston Çörçilin (Sir Winston Leonard Spencer-Churchill) tapşırığı ilə ABŞ-ın Respublikaçılar düşərgəsindən olan prezidenti general Duayt Ayzenhauer (Dwight David Eisenhower) İranda "Ayaks" ("Ajax") hərbi çevrilişini həyata keçirib. Əslində, iki mövzu düşündürücüdür:

- İranın nefti milliləşdirməsi ilə razılaşmayan Qərb, təbii ki, İranın uranın zənginləşdirilməsi planını da qəbul etməyəcək;

- Qacar hakimiyyəti - Nasirəddin Şah, Müzəffərəddin Şah, Məhəmməd Əli Şah və Əhməd Şahın hakimiyyəti dövründə ölkənin Rusiya və Böyük Britaniya istismarında olması və nəhayət 1907-ci ildə Sankt-Peterburqda bağlanan müqaviləyə əsasən İranın Rusiya və Britaniya işğalı altına keçərək parçalanması, habelə Pəhləvi hakimiyyəti dövründə (Rza şah və Məhəmməd Rza şah) ölkənin Britaniya və ABŞ nüfuzu altında idarə olunması çətin ki, 1979-cu ildə qanla inqilab etmiş və müstəqilliyin şirinliyini dadmış xalqın yaddaşından silinsin.

Əslində Qərbin İrandan deyil, İranın Qərbdən şübhələnməsi və qorxmasına tamamilə haqq qazandırmaq mümkündür.

İranın 1950-ci illərdə beynəlxalq normalara müvafiq olaraq öz ərazisində istehsal olunan nefti milliləşdirməsinin Britaniyanın iflicedici sanksiyaları ilə qarşıladığını nəzərə alsaq, bu gün NPT konvensiyasına əsasən qanuni şəkildə rəsmi Tehranın uranın zənginləşdirilməsi planını həyata keçirməsinə olan maneələrə haqq qazandırmaq mümkun deyil.

Əlbəttə ki, 2002-ci ildə gizli tikilmiş "Nətənz" uran zənginləşdirmə zavodunun ifşa olunması, habelə keçən ilin sonunda "Fordu" zavodunun ifşa olunması İrana olan şübhələri artırıb, lakin İrandan şəffaflıq tələb etmək Qərbin tarixi səhvlərinə görə absurddur. Xatırladaq ki, 1953-cu il Müsəddiqə qarşı dövlət çevrilişinin başında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yüksəkvəzifəli məmuru Kermit Ruzvelt (Kermit Roosevelt) və Britaniya kəşfiyyatşısı Ərdəşir Reportyor dayanırdı.

Hər halda Qərb 1850-ci ildən tamamilə istismara məruz qoyduğu İrana qarşı mövqeyinə tamamilə aydınlıq gətirməmiş bu ölkədən nüvə proqramı və digər məsələlərlə bağlı şəffaflıq ummalıdır. Belə olan surətdə şəffaflıqla bağlı birinci addımı İrandan tələb etmək nəticəsizdir.

Xəbər lenti

Xəbər lenti