...

Türkiyədə seçkilər - düşmənlər dost olur

Nəzər nöqtəsi Materials 6 İyun 2011 11:24 (UTC +04:00)
Türkiyədə parlament seçkiləri ərəfəsində partiyalar arasında gərgin mübarizə davam edir. Bundan əvvəlki parlament seçkiləri kimi bu seçkilərin nəticəsi də, demək olar ki, ölkənin həm daxili, həm də xarici siyasətinə təsirsiz ötüşməyəcək.
Türkiyədə seçkilər - düşmənlər dost olur

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Türkiyədə parlament seçkiləri ərəfəsində partiyalar arasında gərgin mübarizə davam edir. Bundan əvvəlki parlament seçkiləri kimi bu seçkilərin nəticəsi də, demək olar ki, ölkənin həm daxili, həm də xarici siyasətinə təsirsiz ötüşməyəcək.

12 iyun parlament seçkilərində mübarizə əsasən Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında gedəcək. Əvvəlki parlament seçkilərindən fərqli olaraq, budəfəki seçkilərdə kürdyönlü Sülh və Demokratiya Partiyası (BDP) da aktivdir.

Türkiyədə baş verən bir çox hadisələr onu söyləməyə əsas verir ki, 12 iyun parlament seçkilərində hakim partiyanın qalibiyyət əldə etmək şanşı daha çoxdur. Hakim partiyanın parlament seçkilərində topladığı səsin 40 faizdən yuxarı olacağı ehtimal olunur.

AKP-dən sonra ən yüksək səs faizini Kamal Kılıçdaroğlunun simasında CHP qazanacaq, MHP isə böyük ehtimalla bu parlament seçkilərində yetərincə səs toplaya bilməyəcək.

Buna baxmayaraq, 2002-ci ildə hakimiyyətə gəlişindən sonra Türkiyə siyasətində əsaslı dəyişikliklərə imza atan AKP-nin builki parlament seçkilərində qələbəsi bir o qədər də asan olmayacaq.

Bir çox siyasi analitiklər AKP-nin ehtimal edilən qələbəsini partiyanın ölkə daxilində apardığı siyasi və iqtisadi islahatlarla izah edir. Təbii ki, AKP ölkə daxilində bir çox sahələrdə islahatlar aparıb, lakin bu, partiyanın qələbəsi üçün heç də yetərli deyil.

Daxili və xarici siyasətdə bir çox islahatlar aparılsa da, bu, bir o qədər də bəhrə verməyib. Xüsusən də bir vaxtlar kürd probleminin həlli üçün "demokratik açılım" adı altında aparılan islahat ilkin mərhələdə gözlənilən nəticəni versə də, daha sonra bu siyasət, demək olar ki, iflasa uğradı.

AKP-nin regionun ən həssas bölgələrindən olan İraqla bağlı siyasətinə gəlincə, Ərdoğan hökuməti Birləşmiş Ştatların İraqa müdaxiləsinin əleyhinə olduğunu, hətta Türkiyədəki ABŞ bazalarından İraqa hərbi uçuşların olmadığını açıqlasa da, faktlar bunun belə olmadığını göstərir.

Türkiyənin "Hürriyət" qəzetinin ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Adanadakı İncirlik hərbi bazası İraqdakı əməliyyatların daha asan keçirilməsi üçün çox mühüm rol oynayıb.

Qəzetin xəbərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin İraqa uçuşlarının 60 faizi məhz Türkiyədəki İncirlik hərbi bazasından edilib.

Əslində, bu faktlar barədə türk ictimaiyyəti də yetərincə məlumatlıdır, lakin türk xalqı Baş nazir Ərdoğanın dediyi "İstiqrar sürsün, Türkiyə böyüsün" şüarını əldə tutaraq, seçkilərin nəticələrini dəyişdirə biləcək bu və bənzəri faktlara göz yumurlar.

Seçkilərin nəticələrinə ciddi təsir edə biləcək amillərdən biri də CHP-nin fəaliyyəti ola bilərdi. Lakin Dəniz Baykalın istefasından sonra Kılıçdaroğlunun partiyaya sədr keçməsi CHP-nin əvvəlki nüfuzuna təsir etdi. Çünki Türkiyədə Baykal Kılıçdaroğludan daha nüfuzlu siyasətçi hesab olunur.

Bir vaxtlar Türkiyənin siyasi arenasında önəmli yer tutan MHP-yə gəlincə, seçkiöncəsi partiya üzvlərinin porno görüntülərinin yayımlanması partiyanın fəaliyyətini iflic etdi və nəticədə, Devlet Bahçelinin köməkçisi Osman Çakır tutduğu vəzifədən istefa verdi.

Osman Çakırın ardından Bahçelinin digər köməkçiləri Mehmet Ekici, Cihan Paçacı, Ümit Şafak, Mehmet Taytak və Deniz Bölükbaşı da istefa verdi.

Bir çoxları parlament seçkiləri ərəfəsində MHP-nin siyasi fəaliyyətinin iflic edilməsində hakimiyyəti günahlandırsa da, qalmaqalın arxasında "Farklı Ülkücüler" yəni "fərqli milliyətçilər"in durduğu ortaya çıxdı.

Seçki ərəfəsində Türkiyədə diqqətdən yayınmayan, lakin bir o qədər də qabardılmayan digər hadisə baş verdi. Belə ki, "Balyoz" (gürz) hərbi çevriliş planına qarşı aparılan istintaq tədbirləri nəticəsində daha bir yüksək rütbəli hərbiçi, Hərbi Akademiyanın rəisi, ordu generalı Bilgin Balanlı həbs edildi.

Türkiyənin siyasi analitikləri hesab edirlər ki, hakim partiya seçkilərdə az səs toplayacağını əvvəlcədən bilərək, general Balanlının həbsi ilə ordunun hadisələrə müdaxiləsini və bununla da seçkilərin təxirə salınacağını planlaşdırıb.

Hətta CHP sədri Kamal Kılıçdaroğlu da Balanlının həbsinə münasibət bildirib: "Belə hadisələr iqtidar tərəfindən hazırlanıb. Hakimiyyət seçkilər təxirə salınsın deyə ordunu hadisəyə müdaxilə etməyə təhrik edir. Ordu provokasiyaya getməsin".

Digər önəmli hadisələrdən biri də Türkiyənin banisi Mustafa Kamal Atatürkün qurduğu CHP ilə kürd yönlü BDP-nin yaxınlaşması oldu. İlk addım təbii ki, CHP tərəfindən atıldı və maraqlı da olsa, Kılıçdaroğlunun kürdlərin kompakt yaşadığı Hakkari mitinqində bir dənə də olsa türk bayrağı dalğalanmadı.

PKK-nın siyasi qolu hesab edilən BDP-nin əvvəlki həmsədrlərindən olan Selahattin Demirtaş bu addıma cavab olaraq, siyasi rəqibinə ismarıc yolladı: "Bu vaxta qədər CHP ilə heç bir əlaqəmiz olmayıb. Lakin Kılıçdaroğluda müsbət dəyişiklik var. Bu, diqqətimizdən qaçmadı. İndiyədək 22 partiya ilə müəyyən məsələlərdə razılıq əldə etmişik. CHP ilə də razılığa gələ bilərik".

Bu isə onu göstərir ki, əvəllər bir-birinə düşmən olan siyasi partiyalar ortaq məqsədlər üçün hakimiyyətə qarşı birləşə bilərlər.

Xəbər lenti

Xəbər lenti