...

Türkiyə İraqı itirdi

Nəzər nöqtəsi Materials 21 Dekabr 2011 09:00 (UTC +04:00)
ABŞ qoşunlarının İraqdan çıxmasından sonra gündəmə gələn mövzulardan biri də Səddam Hüseyn rejiminin süqutundan sonra ölkədəki siyasi boşluğun hansı ölkə və siyasi qüvvə tərəfindən doldurulacağı oldu.
Türkiyə İraqı itirdi

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

ABŞ qoşunlarının İraqdan çıxmasından sonra gündəmə gələn mövzulardan biri də Səddam Hüseyn rejiminin süqutundan sonra ölkədəki siyasi boşluğun hansı ölkə və siyasi qüvvə tərəfindən doldurulacağı oldu.

İraqda uzun zaman qeyri-sabit vəziyyətin olması, ölkənin məzhəb və etnik baxımından müxtəlifliyi və İraq mərkəzi hökumətinin bir o qədər də güc sahibi olmamağı bu günkü siyasi elitanın bu boşluğu tez bir zamanda doldura bilməyəcəyini söyləməyə əsas verir. Hətta İraq rəsmiləri ABŞ qoşunlarının ölkədən çıxmasından sonra İraqda vətəndaş müharibəsinin başlayacağını da istisna etmirlər.

Belə ki, Şimali İraqın kürd administrasiyasının başçısı Məsud Bərzani oktyabr ayında "əl-Ərəbiyyə" telekanalına verdiyi açıqlamada ABŞ qoşunlarının ölkədən çıxmasının əleyhinə olduğunu bildirmişdi.

"Hazırda İraqda ABŞ ordusuna ciddi ehtiyac var. İraq ordusu ölkədə sabitliyi təmin etmək, sərhədləri qorumaq iqtidarında deyil, Hərbi Hava Qüvvələrinin isə heç bir gücü yoxdur", - Bərzani demişdi.

Kürd administrasiyasının rəhbəri onu da qeyd etmişdi ki, ABŞ ordusunun İraqdan çıxmasını istəmir, qoşunların İraqdan çıxması ilə ölkədə siyasi boşluq yaranacaq, etnik və məzhəb problemləri daha da güclənəcək ki, bu da ölkədə vətəndaş müharibəsinə təkan verəcək. Bərzani kürd administrasiyasının ehtimal edilən vətəndaş müharibəsinin qarşısının alınması üçün önəmli rol oynaya biləcəyini də vurğulamışdı.

Təbii ki, bütün bunlarla yanaşı ,İraqda bir çox qonşu ölkələrin, xüsusən də İran, Türkiyə və Səudiyyə Ərəbistanının maraqlarının toqquşur.

Hər nə qədər maraqlı olsa da, Səudiyyə rəsmiləri ABŞ qoşunlarının bir vaxtlar İrana qarşı bufer zona hesab edilən İraqdan çıxarılmasından sonra sünni əhalinin qorunması üçün bu ölkəyə ordu yeridəcəyini də bəyan etmişdilər.

Lakin böyük ehtimal ki, Səudiyyə Ərəbistanı İraqda real vəziyyəti və hakimiyyətin İran yönlü olmasını nəzərə alaraq, belə bir addım atmayacaq.

ABŞ qoşunlarının İraqdan çıxmasından sonra ölkədəki siyasi boşluğu regionda real güc kimi qəbul edilən Ankaranın dolduracağı da istisna edilmirdi. Hətta bir sıra siyasi analitiklər, ABŞ müdafiə naziri Leon Panetta Türkiyəyə səfəri zamanı məhz bu mövzunun müzakirə edildiyini də qeyd edirlər.

Əslində Ankaranın regiondakı bir çox problemləri həll etmək potensialı var, lakin İraqın özünəməxsusluğu, ölkədə demək olar ki, müstəqil ordusu, inzibati ərazisi olan kürd administrasiyasının mövcudluğu, eyni zamanda, PKK probleminin olması Ankaranın cəhdlərinə baxmayaraq, İraq boşluğunu doldura bilməyəcəyindən xəbər verir.

Dolayısı ilə, ABŞ qoşunlarının İraqdan çıxmasından sonra ölkədəki siyasi boşluğu Səudiyyə Ərəbistanı və Türkiyə deyil, kürd administrasiyası və İranın təsiri altında olduğu iddia edilən siyasi elita dolduracaq.

ABŞ qoşunlarının İraqdan çıxmasından sonra ölkədə baş verən ən önəmli hadisələrdən biri də Türkiyənin dostu, regionda müstəqil kürd dövlətinin yaradılmasına qarşı olan vitse-prezident Tariq əl-Haşiminin həbsinə order verilməsidir.

Ehtimal edilir ki, sünni Tariq əl-Haşiminin bir sıra terror aktlarına dəstək vermək ittihamı ilə siyasi arenadan uzaqlaşdırılması Ankaranın Bağdada təsir gücünü azaltmağa yönəlmiş addımdır. Çünki ölkənin Baş naziri Nuri əl-Maliki dekabrın 12-də "Wall Street Journal"a verdiyi müsahibədə Türkiyənin İraqda bəzi siyasətçilərə və qruplara dəstək verərək Bağdadın daxili işlərinə müdaxilə etdiyini bildirmişdi.

Türkiyənin siyasi təsirindən demək olar ki qoparılan, din, məzhəb və etnik amillərin çox önəmli olduğu İraqda hadisələrin bundan sonra hansı məcrada davam edəcəyini zaman göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti