...

Suriya böhranının həlli Tehranın əlindədir

Nəzər nöqtəsi Materials 28 Mart 2012 17:09 (UTC +04:00)
Suriya böhranının həlli Tehranın əlindədir
Suriya böhranının həlli Tehranın əlindədir

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriyada baş verən toqquşmaların qarşısının alınması üçün rəsmi Dəməşq çərşənbə axşamı BMT-nin və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın sülh planını qəbul etdi.

Dəməşqin qəbul etdiyi altı maddəlik plana əsasən, hakimiyyət xalqın haqlı tələblərini yerinə yetirməli, suriyalılar tərəfindən idarə ediləcək və bütün siyasi partiyaları əhatə edəcək qruplarla müzakirələrə başlamalı, ölkədə baş verən silahlı toqquşmaya son verərək ordunu şəhərlərdən çəkməli, humanitar yardımların ehtiyac duyulan bölgələrə çatdırılmasına, səbəbsiz həbs edilənlərin buraxılmasına, ölkəyə KİV mənsublarının sərbəst şəkildə girişinə şərait yaratmalı və dinc məqsədli etiraz aksiyalarının keçirilməsinə icazə verməlidir.

Suriyada baş verən hadisələri diqqətlə izlədikdə isə, ölkədə yaxın günlərdə hər hansı bir ciddi irəliləyiş olmayacağını açıq şəkildə görmək olar. Bəşşar Əsədin hakimiyyətdən getməsi belə, ilkin mərhələdə böhranın həlli kimi görünsə də, bu, böhranın tam olaraq həlli demək deyil.

Ölkədə hələ də bir araya gələ bilməyən ciddi müxalifətin olmaması, baş verən hadisələrin artıq müxalifət-hakimiyyət qarşıdurmasından çıxaraq, demək olar ki, məzhəb qarşıdurmasına çevrilməsi hakimiyyətin dəyişməsindən sonra belə, silahlı toqquşmaların davam edəcəyini söyləməyə əsas verir.

Annan planının qəbul edilməsindən sonra baş verən önəmli məqamlardan biri də İstanbulda Suriya müxalifətinin keçirdiyi görüş oldu. Bundan əvvəl də Suriya müxalifəti bu kimi görüşlər keçirsə də, son görüşdə Suriya kürdləri istisna olmaqla bütün siyasi qüvvələr ölkənin ərazi bütövlüyünün qorunması haqqında razılığa gəldilər. Suriya kürdlərinin simasında Demokratik Birlik Partiyasının (Partiya Yekîtiya Demokrat) belə bir razılığa gəlməməyinə səbəb isə uzun vədəli planın bir hissəsidir.

Dəməşqin qəbul etdiyi plan Kofi Annan tərəfindən "sülh üçün atılan" uğurlu bir addım kimi qiymətləndirilsə də, ölkənin müxtəlif şəhərlərində toqquşmalara son verilmədi. Annan Dəməşqin qəbul etdiyi planı hər nə qədər uğurlu hesab etsə də, Suriya müxalifəti Bəşşar Əsədə inanmadığını bildirdi.

Ən maraqlısı isə Türkiyənin də eyni mövqedən çıxış etməsi və ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfərindən əvvəl etdiyi açıqlamada Ankaranın Bəşşar Əsədin səmimiyyətinə inanmadığını bildirməsi oldu.

Baş nazir Ərdoğan Bəşşar Əsədin əvvəllər də Türkiyə rəhbərliyinə vədlər verdiyini, lakin onlardan heç birini yerinə yetirmədiyini bildirdi. İran Prezidenti Mahmud Əhmədinejad isə Tehranda rəsmi səfərdə olan Suriya XİN-in rəsmisi Feysəl Miqdat ilə görüşü zamanı Dəməşqə dəstək vermək üçün ölkəsinin əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Əslində hazırda Suriya böhranının həlli Qərb, ərəb dövlətləri və Türkiyədən çox Tehranın əlindədir. Ankara və Qərb dövlətləri problemin həlli istiqamətində iqtisadi sanksiyalar qəbul etsələr də, bu o qədər də effektiv olmayacaq. Çünki Suriyanın İranla olan iqtisadi əməkdaşlığı iqtisadi sanksiyaların nəticəsini qismən də olsa azaldır.

Ankaranın təşəbbüsü ilə Suriya ərazisində 20 km-lik "tampon bölgə" yaradılması məsələsinə gəlincə isə, Türkiyə ordusu bununla bağlı Suriya sərhədində kəşfiyyat xarakterli işlər aparsa da, bu layihə düşünüldüyü qədər asan deyil.

Bəşşar Əsəd rejiminin taleyi bu gün Tehranda Türkiyənin Baş naziri Ərdoğan və İran rəsmiləri arasında keçiriləcək danışıqlardan asılı olacaq.

Xəbər lenti

Xəbər lenti