Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda Avropa Oyunlarının açılış mərasimində eyni vaxtda Rusiya və Türkiyə prezidentlərinin iştirakı Qafqaz məsələlərinin strateji həllinin tapılmasına geniş imkanlar yarada bilər. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlunun sözlərinə görə, Avropa Oyunlarının olimpiada tipli olması və olimpiadaların həmişə sülh üçün çağırış rolunu oynaması bu imkanlara xoş mənada emosional fon yaradır: "SSRİ parçalandıqdan sonra Türkiyə-Rusiya münasibətlərində canlanma yarandı. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyənin Rusiyaya münasibətində yeni dirçəliş dövrü başladı. Bu dövrü hətta Atatürk-Lenin dövrü ilə müqayisə etdilər. Rusiya prezidenti Vladimir Putinin erası dövründə də Rusiya tərəfdən Türkiyə ilə münasibətlərin dinamik inkişafı üçün çox işlər görülüb. Yeganə əngəl erməni məsələləridir. Erməni məsələləri dedikdə "erməni soyqırımı"nı, Dağlıq Qarabağın işğalını və çərkəz soyqırımının tanınmasını nəzərdə tuturuq".
M.Əhmədoğlu bildirib ki, ermənilərin Rusiya-Türkiyə məsələlərinə müzakirəsi iki deyil, məhz bu üç mövzu ilə şərtlənir: "Erməni soyqırımının 100 illiyi tədbirlərinə Rusiyanın qədərindən artıq diqqət ayırması Ankara-Moskva münasibətlərində son gərginliyin əsas səbəbidir. Bu iki ölkə arasındakı son gərginliyin Bakıda sona çatacağına ümid etməyə əsaslar var".
Politoloqun fikrincə, Azərbaycan ilk növbədə görünən və görünməyən işləri ilə Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında mühüm körpü rolunu oynayıb və hər iki tərəf bunu dəyərləndirib.
M.Əhmədoğlu sonra qeyd edib ki, Rusiyanın Türkiyədə fəaliyyət göstərən bütün şirkətlərində bu və ya digər dərəcədə azərbaycanlılar təmsil olunurlar: "Türkiyədə "Akkuyu" AES-i tikəcək Rusiya şirkətinin başçısı azərbaycanlıdır. Bunlar böyük etimad və göstərici hesab edilir. İkincisi, Rusiya Türkiyə üçün getdikcə əhəmiyyətini artırır. Türkiyənin artan iqtisadi inkişafı daha çox Rusiyadan asılıdır. Üçüncüsü, Türkiyə Rusiya üçün geosiyasi problemlərin həllində əvəzedilməz parametrə çevrilir. Türkiyənin indiki geosiyasi konfiqurasiyada yerini dəyişdirməsi Rusiya üçün bərpa olunmaz itkilərə səbəb ola bilər. Dördüncüsü, erməni məsələləri yaratdıqları gərginliklərdən sonra hər iki tərəfin bir-birinə qarşı atdığı addımlar pozitiv tutumludur. Beşincisi, xüsusi olaraq vurğulanmalıdır ki, R.T.Ərdoğan hakimiyyəti daxili siyasətdə də Rusiyanın maraqlarına hörmətlə yanaşıb. Çərkəz məsələsinə münasibət bunun bariz nümunəsidir".
M.Əhmədoğlu hesab edır ki, indi Rusiya-Türkiyə münasibətlərinin ümumi inkişafı siyasətsizləşdirmə və etimad tədbirlərinin yeni keyfiyyət mərhələlərini tələb edir: "Abxaziya, Krım, Dağlıq Qarabağ, "erməni soyqırımı" və sair məsələlərə birgə münasibətlərin müəyyənləşdirilməsi Rusiya-Türkiyə münasibətlərinin siyasətsizləşdirilməsinin əsas elementləridir. İki ölkə arasında etimad münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırmaq isə Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. R.T.Ərdoğan sonuncu dəfə Sankt-Peterburqda V.Putinlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiya ilə Türkiyənin Dağlıq Qarabağ tənzimlənməsinə dair birgə variantının olmasını bəyan etdi. O variantın Bakıda açıqlanması və bu istiqamətdə işin başlanması çox faydalıdır".
Politoloq bu qənaətdədir ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin rolunu standartlaşdırmaq və ya sivilləşdirmək istiqamətində eksklüziv öhdəliklər götürməlidir.
Onun sözlərinə görə, 2013-cü il sentyabrın birində Ermənistan prezidenti S.Sərkisyan Avropa İttifaqı ilə assosiativ müqaviləni paraflayıb Yerevana qayıtdı: "Sentyabrın 3-də Moskvada Ermənistanın Gömrük İttifaqının, başqa sözlə, indiki Avrasiya İqtisadi birliyinə girməsini bəyan etdi. Sonradan S.Sərkisyan bir neçə dəfə "bu bir gecə ərzində heç nə edə bilməzdim" fikrini ifadə etdi. Əgər Rusiyanın siyasi vasitələri Ermənistana təsir etməzsə, o zaman Rusiya Tex-Stepanakert qaz kəmərinin fəaliyyətini dayandırmalıdır. Ermənistandan Dağlıq Qarabağa gedən qaz kəməri Rusiyanın mülkiyyətidir. Bu kəmərin içərisindən axan təbii qaz da Rusiyanın mülkiyyətidir. Ermənistanın Rusiya qazını öz ərazisindən kənara nəql etməsi də Ermənistanla Rusiya arasında imzalanmış qaz müqaviləsi və AİB-in nizamnaməsinə ziddir. Siyasi tədbirlərin nəticə verməyəcəyi təqdirdə müharibə variantı gündəliyə gəlməlidir. Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasından qorxur. Rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatlardan qorxması Rusiyanın Ermənistanı müdafiə etməsi ilə əlaqəli deyil. Rusiya qorxur ki, Dağlıq Qarabağda (Cənubi Qafqaz) başlayan müharibə Şimali Qafqaza keçə bilər. Cənubi Qafqazda başlayan münaqişənin Şimali Qafqaza keçməsində isə Türkiyə ərazisinin mühüm rolu ola bilər".
M.Əhmədoğlu deyib ki, müharibənin qısa müddət ərzində başa çatmasına Rusiyanın inamı və Türkiyənin bu müharibənin Şimali Qafqaza keçməməsi ilə bağlı götürdüyü öhdəlik Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında həlledici rol oynaya bilər: "Bununla da Qafqaz regionunda ən qəliz inkişaf perspektivlərinə malik təhlükə ssenarisi aradan qalxmış olur. Azərbaycanla Rusiyanın, Rusiya ilə Türkiyənin münasibətlərində qarşılıqlı inamın yeni keyfiyyət mərhələsi daha yüksək inkişafa şərait yaratmış olur".