Gürcüstan, Tbilisi, 02 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstana qarşı müharibədə 80 minə yaxın Rusiya hərbçisi və 3 min ədəd zirehli texnika iştirak edib, hərbi aviasiyanın onlarla təyyarəsi ilə 200 - dək uçuş həyata keçirilib, - Gürcüstan prezidenti Mixail Saakaşvili cümə axşamı müdafiə naziri görüşdə bildirib.
"Daha bir neçə min zirehli texnika Gürcüstan sərhədlərinə gətirilmişdi. Belə ki, onlar bizim ölkəyə yerləşə bilməzdilər", - o qeyd edib. Prezident bildirib ki, müxtəlif məlumatlara görə, Rusiya 2000 - dək hərbçi, iki yüz tank, 17 təyyarə itirib. "Bütün bunlar bizim hərbçilərimizin qəhrəmancasına müdafiəsinin nəticəsidir", - o qeyd edib və vurğulayıb ki, ordu böyük təcrübə qazanıb.
"Tərəfimizdən 178 hərbi qulluqçu həlak olub, 46 nəfər itkin düşüb. Bu bizim üçün böyük itkidir", - o bildirib. "Bizim silahlarımızın əsas hissəsi qorunub. Bizdə hansısa xüsusi tankların olması, israilli, ukraynalı və amerikalıların döyüşməsi haqqında danışıqlar yalandır. Siz özünüz də bilirsiniz ki, onlar bu dərəcədə ağır itkilərini necəsə izah etməlidirlər", - Saakaşvili bildirib.
Prezident qeyd edib ki, Rusiya qarşıya qoyduğu məqsədlərə - hakimiyyətin devrilməsinə və Gürcüstandan keçən neft - qaz kəmərlərinə nəzarəti ələ keçirməyə nail ola bilməyib. "O bu vəzifələri yerinə yetirməyi, Xəzər və Qara dəniz regionlarını ələ keçirməyi bacarmayıb. Lakin təhlükə hələ də mövcuddur və heç kim deyə bilməz ki, sonra nə olacaq", - Gürcüstan prezidenti vurğulayıb.
O vurğulayıb ki, Gürcüstanda hakimiyyət, dövlət sturkturları, ordu məhv edilməyib. "Bu, Rusiyanı yeni təcavüzə təhrik edə bilər", - Saakaşvili qeyd edib.