...

Ölkədə ordudankənar hərbi qruplaşmaların yaradılması labüddur - Əfqanıstanın müdafiə naziri

Dünya xəbərləri Materials 14 Oktyabr 2008 16:46 (UTC +04:00)

Əfqanıstan, Kabil, 14 oktyabr\/ Trend , müxbir A.Həkimi/ Əfqanıstanın müdafiə naziri Rəhim Vərdək bildirib ki, ölkədə sabitliyin bərpasında ordudankənar hərbi qruplaşmaların yaradılması və onların milli təhlükəsizliyin bərpasında iştirakı vacibdir. O, bu haqda NATO-nun Nazirlər Şurası ilə oktyabrın 9-da Budapeştdə keçirdiyi müzakirələrə dair açıqlamasında bildirib.

Vərdək oktyabrın 14-də jurnalistlərə açıqlamasında bildirib ki, Budapeştdə keçirilən iclasda bütün iştirakçılar, xüsusilə ABŞ müdafiə nazirinin müavini, Fransa və İngiltərə müdafiə nazirləri və NATO sədri Əfqanıstanda təhlükəsizliyin pozulması hallarının artmasını etiraf etsələr də, bu ölkədə NATO qüvvələrinin tamamilə uğursuzluğa düçar olmaları və təhlükəsizliyin bərpasının qeyri-mümkun olması barədə fikirləri rədd ediblər.

O əlavə edib ki, ordudankənar hərbi qüvvələrin yaradılması həmçinin xalq və hakimiyyət arasında əlaqələrin genişlənməsi və etimadın artması ilə nəticələnəcək.

Əfqanıstanda 1980-ci ildən Rusiya və digər xarici qüvvələrə qarşı mübarizə məqsədilə yaradılmış "Mücahid" hərəkatı hələ də fəaliyyət göstərir və hakimiyyət bu qüvvələri ordudankənar hərbi qüvvə qismində istifadə etməyə çalışır.

Vərdək bildirib ki, Budapeştdə keçirilən iclas zamanı Əfqanıstanın təhlükəsizliyinin bərpa edilməsi üzrə yeganə yolun milli ordunun gücləndirilməsi ilə bağlı olduğu bildirilib. O əlavə edib ki, hazırda milli ordu böyük gücə malikdir və bundan sonra ölkədə hərbi əməliyyatların 70%-i milli ordu tərəfindən həyata keçiriləcək.

Vərdək daha sonra əlavə edib ki, Əfqanıstan milli ordusunun gücləndirilməsi məqsədilə NATO qərargahında yardım fordu yaradılacaq və istənilən ölkə Əfqanıstan milli ordusunun inkişafı üçün bu fonda öz maliyyə yardımlarını edə bilər.

Vərdək bildirib ki, hər 10 000 minlik milli ordunun təmin edilməsi üçün bir milyon dollar maliyyə vəsaiti tələb olunur, ümumiyyətlə isə ordunun tam təchiz edilməsi, təlim görməsi və gücləndirilməsi üçün 100 milyon dollar vəsait lazımdır.

Müdafiə naziri qeyd edib ki, müzakirələrdə Əfqanıstanda narkotik maddələr dövriyyəsinə qarşı mübarizə istiqamətində böyük məbləğdə yardım və hər cür dəstəyin göstərilməsinin vacibliyi də vurğulanıb. Onun sözlərinə görə, terroristlərin ən böyük maliyyə mənbəyi məhz narkotik maddələrin dövriyyəsindən formalaşır.

Vərdək daha sonra əlavə edib ki, terrorizmlə mübarizədə Əfqanıstana daha çox regiondakı ölkələr yardım etməlidir. "Oktyabrın 15-də Pakistan, Əfqanıstan və NATO rəsmiləri arasında bu mövzuda müzakirələr aparılacaq. Pakistanda keçiriləcək bu görüşdə Əfqanıstanı general Bismillah Xan və general Kərimi, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri və İSAF-ın Əfqanıstandakı rəhbəri təmsil edəcək", - deyə müdafiə naziri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti