...

Terrorçu qruplaşmalar Əfqanıstan və Pakistanda yerləşən qüvvələrin dəstəyi ilə yaradılır – İran Polis Komandanlığının rəis müavini (Müsahibə)

Dünya xəbərləri Materials 24 Aprel 2009 09:02 (UTC +04:00)
Terrorçu qruplaşmalar Əfqanıstan və Pakistanda yerləşən qüvvələrin dəstəyi ilə yaradılır – İran Polis Komandanlığının rəis müavini (Müsahibə)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir T.Cəfərov /

Trend -un Fars redaksiyasının İran Polis Komandanlığının rəis müavini general Əhməd Rza Radan ilə eksklüziv müsahibəsi

- Siz İranda "İctimai təhlükəsizlik layihəsini" icra edən şəxslərdən biri olmusunuz. Bu layihə hansı məqsədlərlə icra olundu və nə kimi nəticələr əldə edildi?

- Biz elmi araşdırmalar apardıqdan sonra bir neçə mövzunu müəyyənləşdirdik. Bu mövzular barədə öncədən də məlumatımız var idi. Biz aydınlaşdırdıq ki, düşmənin mədəniyyətə təcavüzü məsələsi çox ciddi problemdir. Belə bir təcavüz digər ölkələrə qarşı da baş verə bilər. Biz gözləməməliyik ki, təcavüz ancaq güllə, silah və ya narkotik vasitə ilə baş versin. Əsas təcavüz, mədəniyyətə olan təcavüzdir, ona görə ki, gənclərin əxlaqsızlığına səbəb olur. Mədəniyyətə olan təcavüz gənclərin narkotiklərə aludə olması ilə də, onları ölkə mədəniyyətinə uyğun olmayan hərəkətlər etməyə sövq etdirməklə də ola bilər.

Hər bir ölkənin mədəniyyəti və dəyərləri özünəməxsus şəkildə olur. Biz ölkəmizdə belə problemlərin olmasını nəzərə alaraq, əhalinin fikrini və polisdən bu sahədə nə iş görmək istədiklərini soruşduq. Maraqlısı budur ki, aparılmış sorğuda əhali İran İslam mədəniyyətinə zidd olan əxlaqsızlıq və hicabsızlıqla mübarizə aparmağımızı istəmişdilər. Ümumiyyətlə, əhali dələduzluqla məşğul olan şəxslərə qarşı tədbirlər ğörməyimizi istəyirlər. Bu kimi məsələlər "İctimai təhlükəsizlik layihəsində" də öz əksini tapıb. Biz araşdırma nəticəsində əhalinin əsas problemlərini müəyyənləşdirdik və layihənin icrasına başladıq. Layihənin icrası ilə bizim bir neçə hədəfimiz var idi ki, onlara da çatmışıq. Layihənin əsas məqsədlərindən biri bu idi ki, mədəniyyətə olan təcavüzlə ölkə vətəndaşlarının və mədəniyyət sahəsində çalışan qurumların köməyi ilə mübarizə aparaq. Hələlik indiyədək gördüyümüz işlər kifayət qədər deyil, biz öz işimizi davam etdirməliyik.

Mədəniyyətə olan təcavüz gizli keçirilir və hiss olunmur. Biz əgər bu məsələyə diqqətimizi artırmasaq, bu, ölkənin hər yerinə yayıla bilər. Layihənin icrasında ikinci məqsədimiz əhalinin təhlükəsizliyinin təmini olub. Biz layihənin icrası ilə əxlaqsızlıq və dələduzluğın genişlənməsinin qarşısını almaq istəmişik və bundan sonra da ölkə rəsmilərinin dəstəyi ilə layihəni davamlı şəkildə icra edəcəyik.

- Siz bir müddət Pakistanla sərhəd olan Sistan və Bəluçistan əyalətinin polis rəisi vəzifəsində çalışmısınız. İran polisi "Condullah" qruplaşması ilə ("Condullah" qruplaşması son vaxtlar İran polisinin bir neçə əməkdaşını girov götürərək öldürüb) mübarizədə nə kimi tədbirlər görüb?

- Özünü qüdrət sahibi bilən ölkələr həmişə terrorizlə bağlı müxtəlif anlayışlar irəli sürürlər və sonradan həmin anlayışa əsasən öz işlərini irəli aparırlar. Bizim əlimizdə tutarlı sübutlar var ki, terrorist qruplaşmaları Əfqanıstan və Pakistanda yerləşən güclərin dəstəyi ilə yaradılır. Onlar bizim ölkənin daxilində çaxnaşma yaratmaq istəyirlər. Belə qruplaşmalardan biri də "Condullah" qruplaşmasıdır.

İran bu qruplaşma ilə mübarizədə çox effektiv tədbirlər həyata keçirib. Bu tədbirlərdən sonra həmin quruplaşmanın fəaliyyəti ancaq sərhəddə məhdudlaşıb. Sonuncu tədbir zamanı qruplaşma ilə silahlı toqquşma baş verdi və qruplaşmanın üzvlərindən çoxu həlak oldu.

İran sərhədlərin möhkəmləndirilməsində misli görünməmiş tədbirlər həyata keçirib. Kanallar qazılıb, torpaqdan maneələr yaradılıb, beton divarlar hörülüb və eləcə də optik vasitələrlə sərhədin mühafizəsi həyata keçirilir. Tədbirlər nəticəsində İran sərhədçiləri Sistan və Bəluçistan əyalətində sərhədə tam nəzarət edə bilir. Polis qüvvələrinin gücləndirilməsi ilə biz qruplaşmanın fəaliyyətini sərhədə qədər məhdudlaşdıra bilmişik və yaxın gələcəkdə onların fəaliyyətini sərhəddə tam məhdudlaşdıracağıq. Terrorizmi başqa anlayışlarla təqdim edən şəxlər özləri terrorizmi dəstəkləyənlərdir. Dünya xalqları "Taliban" qruplaşmasının, "Condullah" quruplaşmasının və digər qruplaşmaların kimlərin tərəfindən yaradıldığını unutmayacaqlar.

- Narkotik maddələrə qarşı mübarizədə İranın əldə etdiyi nailiyyətlər və statistika haqqında nə deyə bilərsiniz?

- Narkotik maddələrə qarşı mübarizə aparan beynəlxalq qurumların da bildirdiyi kimi, İran narkotiklərlə mübarizədə qabaqcıl ölkələrdəndir. Ötən il İranda 1000 ton narkotik maddə müsadirə olunub. Narkotiklərlə mübarizə sahəsindəki fəaliyyətlərdə əvvəlki illə müqayisədə artım müşahidə olunur. Əlbəttə, irəliləyişlər hər il artmaqdadır. Əgər İran narkotiklərlə mübarizəyə bu qədər ciddi yanaşmasaydı, bu gün dünyanın digər ölkələri narkotik maddələr böhranı ilə üzləşə bilərdi. Mən etiraf edirəm ki, narkotik maddələrin tranziti yolunda olan bütün ölkələr bu gün gənclərinin sağlamlığı üçün İranın narkotik maddələrlə mübarizədə göstərdiyi səylərə borcludurlar.

- İran və Azərbaycan müştərək sərhəd təhlükəsizliyi komissiyası narkotiklərlə mübarizədə indiyədək nə kimi işlər görüb və nə kimi tədbirlər həyata keçirmək niyyətindədir? 

- Bu gün (aprelin 23-də) İranın sərhəd polisinin rəisi general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyəti iki ölkənin sərhədlərinin mühafizəsi məsələsini müzakirə etmək üçün Bakıya səfər edəcək. Bu səfər iki ölkə sərhədçilərinin görüşlərinin davamı kimi baş tutur. İki ölkə sərhədçiləri arasında əlaqələr və əməkdaşlıqlar normal səviyyədə inkişaf edib. Biz razılaşmalar əldə etmişik. Sərhədləri qanunsuz şəkildə keçən şəxslərlə mübarizə sahəsində və həbs olunmuş şəxslərin qaytarılması sahəsində də əməkdaşlığımız davam edir. İran məhbusların qaytarılması sahəsində verdiyi vədlərə əməl edib. Bugünkü görüşlər zamanı iki ölkə sərhədçiləri öncədən razılaşdırılmış məsələlər və narkotik qaçaqmalçılığın qarşısının alınması məsələlərini müzakirə edəcəklər. Sərhədçilər həm də iki ölkəyə səfər etmək istəyən şəxslərin rahatçılığını təmin etmək məqsədi ilə bəzi məsələləri də müzakirə edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti