Azərbaycan, Bakı, 15 may / Trend , müxbir Е.Оstapenko, V.Javoronkova /
"Qırğızıstandakı Manas aviabazasında Amerika hərbçilərinin olması məsələsinə iki şərtlə yenidən baxıla bilər: icarə haqqının artırılması və bazadan istifadə olunma formatının dəyişdirilməsi", - qırğız ekspert Nur Omarov hesab edir.
ABŞ senatı çərşənbə axşamı Vaşinqtonun Qırğızıstanın hava limanlarına çıxışını saxlamaq məqsədilə, avianəqliyyat sisteminin təkmilləşdirilməsi üçün bu ölkəyə 30 milyon dollar həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul edib, çərşənbə günü RİA Novosti Reuters agentliyinə istinadən məlumat verib.
Demokratlar Partiyasının senatdakı nümayəndələrinin məlumatına görə, ABŞ Prezidentinin administrasiyası avianəqliyyat sisteminin təkmilləşdirilməsi üçün Qırğızıstana 30 milyon dollar həcmində maliyyə yardımını tərəflər yerli hava limanlarında Amerikanın mövcudluğunun saxlanılması haqda razılıq əldə edəcəkləri halda ayıracaq.
Ancaq qırğız ekspert hesab edir ki, bu addım məsələnin həllinə təsir etməyəcək.
"Təklif olunan 30 milyon dollarlıq məbləğ Qırğızıstanın Rusiya tərəfindən almaq niyyətində olduğu maliyyə yardımından on dəfə azdır", - Trend -a Bişkekdən telefonla tarix elmləri doktoru Omarov deyib.
Onun fikrincə, bu məsələ yalnız iki şərtlə həllini tapa bilər: icarə haqqının artırılması və bazadan istifadə olunma formatının dəyişdirilməsi.
"Birinci şərt - Manas hava limanının ərazisində istifadə haqqını xeyli artırılmasıdır", - Omarov deyib. Onun sözlərinə görə, ilk əvvəl bu məbləğ ildə 2,5 milyon dollar təşkil edirdi. Sonra bu rəqəm 17,5 milyon dollara qədər artırıldı və yenidən artım olarsa, bu məsələyə bir daha nəzər yetirilməsi mümkündür.
"İkinci şərt - bazanın formatının dəyişdirilməsidir. Onun indiyə qədər mövcud olduğu, yəni Qırğızıstan və koalisiya ilə birbaşa ikitərəfli müqavilələr əsasında fəaliyyət göstərdiyi format, şübhəsiz ki, dəyişilməlidir", - Omarov deyib.
Omarovun fikrincə, bu "dalana dirənmiş" durumdan başqa diplomatik çıxış yolu da təklif oluna bilər. Məsələn, müvafiq müqavilənin Qırğızıstanla BMT arasında bağlanması. Buna əsasən, BMT bu bazanın infrastrukturunun saxlanılması üçün Qərbin aparıcı ölkələri - ABŞ və Aİ ölkələrinə mandat verir.
"Bu halda Amerika hərbçilərinin Qırğızıstandakı hava limanlarında mövcudluğuna yenidən baxıla bilər", - o bildirib.
Bugünkü ölçülərə görə kiçik bir məbləğin birdəfəlik ödənilməsi isə, Omarovun sözlərinə görə, problemi həll etmir.
Qırğızıstandakı Manas aviabazası 2001-ci ildən etibarən BMT tərəfindən verilmiş mandata əsasən, Əfqanıstandakı "Sarsılmaz azadlıq" əməliyyatında terrorizmlə mübarizə çərçivəsində anti-terror koalisiyasının hərbçiləri tərəfindən istifadə olunub. Hazırda bazada ABŞ və koalisiyanın başqa ölkələrinin minlərlə hərbçisi, hərbi-nəqliyyat və yanacaqdolduran təyyarələri yerləşir.
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev fevralın 3-də Amerika bazasının bağlanılması haqda qərar qəbul edib. Buna paralel olaraq Rusiya Qırğızıstana iki milyard dollar həcmində kredit və 150 milyon dollar maliyyə yardımı verib.
Bazanın bağlanılması qərarı parlament tərəfindən də qəbul edilib. Sənədə əsasən, anti-terror koalisiyasının hərbçiləri müqavilə pozulandan 180 gün sonra, yəni avqustun ortasında bazanı tərk etməlidirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]