İran Parlamentinin 239 nümayəndəsi bəyanat yayaraq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə və Almaniyaya xəbərdarlıq edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
Bəyanatda parlament nümayəndələri uranın zənginləşdirilməsi üçün Qum şəhəri yaxınlığında ikinci stansiyanın tikilməsi ilə bağlı İran xalqını təbrik edib. Parlament nümayəndələri "5+1" qrupu ölkələri və İran arasında oktyabrın 1-də başlayacaq bu ölkənin nüvə proqramına dair müzakirələri ("5+1" qrupu ölkələri üçün) böyük sınaq kimi dəyərləndiriblər. "Biz hadisələri izləyirik və bu xəbərdarlığı müzakirədə iştirak edəcək ölkələrə edirik ki, budəfəki görüş tarixi bir fürsətdir və müzakirələri "donmuş" halından çıxara bilər. "5+1" qrup ölkələrinə məsləhətimiz bu tarixi fürsəti düzgün dəyərləndirməkdir. Onlar keçmişdəki səhv addımlarını təkrarlasalar, parlament öz səlahiyyətindən istifadə edərək başqa qərarlar qəbul edəcək", - deyə bəyanatda deyilir.