...

Ermənistan-Türkiyə protokolu gələn həftə Türkiyə Parlamentinə təqdim ediləcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 13 Oktyabr 2009 10:28 (UTC +04:00)
Gələn həftə Ermənistan-Türkiyə protokolu baxılması üçün Türkiyə Parlamentinə göndəriləcək, Türkiyə hökumətinin rəsmi nümayəndəsi Cəmil Çiçək deyib, CNN telekanalı məlumat verib.
Ermənistan-Türkiyə protokolu gələn həftə Türkiyə Parlamentinə təqdim ediləcək (ƏLAVƏ OLUNUB)

Gələn həftə Ermənistan-Türkiyə protokolu baxılması üçün Türkiyə Parlamentinə göndəriləcək, Türkiyə hökumətinin rəsmi nümayəndəsi Cəmil Çiçək deyib, CNN telekanalı məlumat verib.

"Protokol gələn həftə Türkiyənin Böyük Millət Məclisinə göndəriləcək. Lakin dəqiq tarix hələlik məlum deyil və yalnız Parlament protokola səs verib-verməmək barədə qərar qəbul edəcək", - Çiçək deyib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Dünən öz çıxışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha qeyd edib ki, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərində ciddi irəliləyiş gözləmək olmaz.

Çiçəyin sözlərinə görə, Ermənistanla imzalanan protokollar Türkiyənin Qafqazda sülhün bərqərar olması üçün apardığı siyasətin bir hissəsidir.

Dağlıq Qarabağ münaqişəsi barəsindəki suala cavabında Çiçək deyib ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir. "Türkiyə ümid edir ki, Ermənistanla münasibətlərin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək", - o deyib.

Türkiyənin həll etməyə ümid etdiyi digər problem onun ünvanına səslənən "soyqırım" iddiasıdır. Onun sözlərinə görə Türkiyə, öz tarixilə üz-üzə durmağa hazırdır və buna görə də protokola əsasən tarixçilərdən ibarət komissiya yaradılacaq.

"Biz həqiqəti və 1915-ci il haqqında yalanları sübut etməyə hazırıq və qoy bununla alimlər məşğul olsunlar", - Çiçək deyib.

Onun sözlərinə görə, Ermənistan da Türkiyənin sərhədlərini tanımalıdır.

Xəbər lenti

Xəbər lenti