"Vyana qrupu" (Fransa, ABŞ və Rusiya) ölkələrinin məktubuna və orada uranın Türkiyə ərazisində mübadiləsi haqqında sazişin çərçivəsindən kənara çıxan sualların olmasına baxmayaraq, İran onlara cavab hazırlayıb. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst həftəlik mətbuat konfransında bəyan edib. Məlumatı ILNA informasiya agentliyi yayıb.
Mehmanpərəst əlavə edib ki, cavab yaxın vaxtlarda göndəriləcək.
O qeyd edib ki, Braziliya və Türkiyə hələ də vasitəçi rolunu yerinə yetirməyə və öz missiyalarını davam etdirməyə hazırdırlar.
Tehran bəyannaməsi mayın 17-də İran, Türkiyə və Braziliya tərəfindən imzalanıb. Sazişin şərtlərinə görə, 1,2 tona yaxın az zənginləşdirilmiş uran 120 kiloqramlıq 20 faizlik uranla mübadilə olunması üçün Türkiyəyə gətiriləcək.
BMT Təhlükəsizlik Şurası iyunun 9-da İranın nüvə proqramına qarşı 4-cü qətnaməni qəbul edib. Sənədin lehinə BMT TŞ-nin on iki üzvü, əleyhinə iki - Türkiyə və Braziliya səs verib, Livan bitərəf qalıb.