...

Avropa Parlamenti Fələstin-İsrail birbaşa danışıqlarının bərpa olunmasını alqışlayır

Dünya xəbərləri Materials 2 Sentyabr 2010 17:05 (UTC +04:00)
Avropa Parlamentinin sədri Yerji Buzek cümə axşamı Vaşinqtonda start verilən Fələstin və İsrail liderləri arasında birbaşa dialoqun bərpa olunmasını alqışlayıb.
Avropa Parlamenti Fələstin-İsrail birbaşa danışıqlarının bərpa olunmasını alqışlayır

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Avropa Parlamentinin sədri Yerji Buzek cümə axşamı Vaşinqtonda start verilən Fələstin və İsrail liderləri arasında birbaşa dialoqun bərpa olunmasını alqışlayıb. Bu barədə Avropa Parlamentinin rəsmi məlumatında deyilir.

"Biz sülh razılaşmasının son statusuna dair məsələlərin həll edilməsi üzrə israillilər və fələstinlilər arasında birbaşa danışıqların bərpasını alqışlayırıq", - Buzek bildirib.

Birbaşa danışıqlar iki il bundan əvvəl İsrail HƏMAS hərəkatının nəzarəti altında olan Qəzza bölgəsində genişmiqyaslı əməliyyata başladıqdan və işğal olunmuş ərazilərdə məskunlaşma fəaliyyətini genişləndirdikdən sonra dayandırılıb.

ABŞ, Misir prezidentlərinin və İordaniya Kralının iştirakı ilə keçirilən çoxtərəfli görüşlərdən sonra Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə baş tutan mətbuat konfransında danışıqların son sülh razılaşmasının imzalanmasınadək aparılmasına sadiq olacaqlarını bəyan ediblər.

Sülh danışıqlarının bərpa olunması İordan çayının qərb sahilində zorakılıq hallarının vüsət alması ilə müşahidə edilib. Dörd israilli güllələndikdən sonra, çərşənbə günü Ramallahda HƏMAS-ın hərbləşdirilmiş qanadının üzvləri avtomobilə atəş açıblar. Nəticədə iki İsrail vətəndaşı xəsarət alıb.

Avropa Parlamentinin sədri israillilərin qətlini pisləyib və tərəfləri sülh prosesinə xələl gətirə biləcək zorakılığa yol verməməyə çağırıb.

Buzekin sözlərinə görə, Avropa Parlamenti müstəqil, demokratik və həyat qabiliyyətli Fələstin dövlətinin yaradılmasına, BMT-nin və ərəb sülh təşəbbüsünün qətnamələri əsasında Yaxın Şərqdə hərtərəfli sülhə gətirib çıxaracaq sülh danışıqlarına istənilən köməyi göstərməyə hazırdır.

"Müəyyən vaxt ərzində əldə ediləcək razılaşma Yaxın Şərqdə təkcə sabitliyə, regionun demokratik olmasına və çiçəklənməsinə olan ümidləri deyil, eləcə də İsrail və Fələstin xalqlarının gözləntilərini doğruldacaq", - parlament rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Ketrin Eşton və Aralıq dənizi İttifaqının Parlament Assambleyası ilə əməkdaşlıq sayəsində Avropa Parlamenti regionun demokratik yolla seçilən liderləri arasında cari danışıqları daimi dialoq əsasında fəal surətdə dəstəkləməkdə davam edəcək.

"Biz əminik ki, qarşılıqlı anlaşma və etibarın möhkəmlənməsi sayəsində bu gün başlayan danışıqlar prosesinin uğurla başa çatmasına öz töhfəmizi verə biləcəyik", - Buzek qeyd edib.

Dünən Fələstin lideri Mahmud Abbas Prezident Barak Obamanın israillilərin və fələstinlilərin  münaqişənin bir il ərzində nizamlanması haqqında razılığa gələ biləcəkləri barədə verdiyi bəyanatla razılaşıb.

Xəbər lenti

Xəbər lenti