İran Prezidenti Mahmud Əhmədinejad Xorasan əyalətində çıxışı zamanı bildirib ki, İran xalqı parlaq günəş kimidir və Qərbin "atdığı daş" xalqın dayandığı yerə çatmır. İLNA agentliyinin məlumatına görə, Əhmədinejad bildirib ki, dünya xalqları "qrup-qrup" İran islam inqilabı istiqamətinə üz tutur.
İran 2005-ci ildə Əhmədinejadın prezident seçkilərində qələbəsindən sonra 2003-cü ildə dondurulmuş nüvə fəaliyyətlərini davam etdirib və 2006-cı ildən indiyədək BMT Təhlükəsizlik Şurasının bu ölkəyə tətbiq etdiyi 6 qətnaməyə baxmayaraq, uranın zənginləşdirilməsi proqramını dayandırmayıb.
İrana qarşı 6 qətnamə çərçivəsində 4 dövr sanksiya tətbiq olunub.
Rəsmi məlumata əsasən, hazırda ölkədə işsizlik indeksi 14 faizdır və enerji sahəsində Qərbin böyük şirkətləri, o cümlədən Total, BP, Royal Daç Şel (Royal Dutch shell) və digər şirkətlər İranla əməkdaşlığı ya dayandırıb, ya da minimum səviyyəyə endirib. İranın 1970-ci illə (İslam İnqilabından əvvəl) müqayisədə neft istehsalı sutkada 6 milyon bareldən 3,6 milyon barelədək azalıb.
Buna baxmayaraq, rəsmi Tehran iddia edir ki, yerli texnologiyaya yiyələnmək və ölkənin "öz ayaqları üzərində dayanması" üçün, beynəlxalq sanksiyalar bir "fürsətdir".