...

Dağlıq Qarabağ üzrə danışıqların aktivləşəcəyi gözlənilir - Polşa səfiri

Dünya xəbərləri Materials 6 Sentyabr 2011 13:41 (UTC +04:00)
Filipp Lefortun Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunması ilə Dağlıq Qarabağ üzrə danışıqların aktivləşəcəyi gözlənilir.
Dağlıq Qarabağ üzrə danışıqların aktivləşəcəyi gözlənilir - Polşa səfiri

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Filipp Lefortun Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunması ilə Dağlıq Qarabağ üzrə danışıqların aktivləşəcəyi gözlənilir. Bunu bu gün jurnalistlərə Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski deyib. Trend-in məlumatına görə, bu barədə News.am yazır.

"Fransaya ATƏT-in Minsk qrupunda Aİ-ni təmsil etmək səlahiyyətləri verilməyib, lakin aydındır ki, öz mövqeyini göstərməklə Fransa müəyyən qədər Aİ-nin mövqeyini də təmsil edir. Bildiyiniz kimi, Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin mandatına nizamlanmamış - əgər orada adamlar həlak olursa, onları dondurulmuş adlandırmaq istəmirəm - münaqişələr də daxildir. Hesab etmirəm ki, danışıqların formatı yaxın gələcəkdə dəyişəcək, lakin onun fəallaşacağına əminəm", - diplomat deyib.

Ötən həftə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Filipp Lefortun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi təyin edilməsini alqışlayıb.

Filipp Lefort 20 ildən artıq təcrübəyə malik fransalı diplomatdır. O, karyerasının böyük hissəsini Qafqaza və Rusiyaya həsr edib, Fransanın Gürcüstandakı səfiri (2004-2007-ci illər) olub, eləcə də Fransanın Rusiyadakı səfirinin müavini (2007-2010-cu illər) vəzifəsində çalışıb. 2010-cu ildən Fransa XİN-in Kontinental Avropa Departamentinin rəhbəri olub.

Raçinskinin sözlərinə görə, bu, xüsusilə ona görə vacibdir ki, regionda Aİ layihələrinin uğurla reallaşdırılması şərtlərindən biri bütün Cənubi Qafqaz ölkələri arasında səmərəli əməkdaşlıqdır.

"Lakin hansı əməkdaşlıqdan söhbət gedə bilər ki, siz Bakıya, həmkarlarınız isə Yerevana gələ bilmirlər? 21-ci əsrdə bu, vəhşilikdir. Mənə elə gəlir ki, Aİ-nin diplomatik fəallığının güclənəcəyi halda danışıqlarda da fəallıq artacaq. Onların nə dərəcədə uğurlu olacağını bu gün söyləmək çətindir", - polşalı diplomat deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti