Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Misirin təhlükəsizlik qüvvələri israilli kapral Gilad Şalitin Rafah sərhəd məntəqəsi vasitəsilə ölkəyə gətirildiyini təkzib edib. Trend-in məlumatına görə, bu barədə Fələstinin "Maan" agentliyi xəbər verib.
Ölkənin təhlükəzilik qüvvələri iddia edirlər ki, Rafah sərhəd məntəqəsi axşam saat 18:00-dan bağlı olur və xüsusi hallarla bağlı açılmır.
Bu gün səhər ərəb KİV-də 2006-cı ilin iyunundan HƏMAS hərəkatının əsirliyində olan israilli kapral Gilad Şalit Rafah sərhəd keçid məntəqəsi vasitəsilə Qahirəyə gətirildiyi barədə material dərc olunub.
Şalit Qahirəyə HƏMAS-la İsrail arasında əsirlərin dəyişdirilməsi barədə sazişə nail olunduqdan sonra gətirilib. O, tərəflərin mübadilənin bütün detallarını razılaşdırmasına qədər Misir paytaxtında qalacaq.
Dünən Qəzza sektorunda Gilad Şalitin İsrail həbsxanalarında saxlanılan min fələstinli əsirlə dəyişdirilməsi barədə razılaşma əldə olunub.
İsrail ordusunun kapralı Gilad Şalit 2006-cı il iyunun 25-də HƏMAS hərəkatına əsir düşüb. Onun azad edilməsi üçün hərəkatın üzvləri mindən artıq fələstinli məhbusun, eləcə də uzun müddətə həbsə məhkum edilmiş liderlərinin İsrail həbsxanalarından buraxılmasını tələb ediblər. HƏMAS, habelə İsrail həbsxanalarından bütün fələstinli qadın və uşaqların buraxılmasını da tələb edib.