...

AŞPA müşahidəçiləri Ermənistanda prezident seçkiləri ərəfəsində seçki siyahılarında qeyri-dəqiqliklərlə bağlı narahatdırlar

Dünya xəbərləri Materials 18 Yanvar 2013 10:28 (UTC +04:00)
AŞPA-nın seçkiqabağı nümayəndə heyəti Ermənistanda prezident seçkiləri ərəfəsində seçki siyahılarındakı mövcud qeyri-dəqiqliklərə görə narahatdır.
AŞPA müşahidəçiləri Ermənistanda prezident seçkiləri ərəfəsində seçki siyahılarında qeyri-dəqiqliklərlə bağlı  narahatdırlar

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

AŞPA-nın seçkiqabağı nümayəndə heyəti Ermənistanda prezident seçkiləri ərəfəsində seçki siyahılarındakı mövcud qeyri-dəqiqliklərə görə narahatdır. Bunu nümayəndə heyətinin rəhbəri Karen Voldset Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkiləri ərəfəsində seçki proseslərinin qiymətləndirilməsinə həsr edilmiş mətbuat konfransında bəyan edib. Trend-in məlumatına görə, bu barədə ARKA yazır.

Norveç parlamentinin deputatı Karen Voldsetin rəhbərlik etdiyi beş nəfərdən ibarət AŞPA nümayəndə heyəti Ermənistan parlamentinin spikerinin dəvəti ilə bu ölkədə səfərdədir.

"Dəqiq siyahılar seçkilərin lazımi səviyyədə keçirilməsi üçün ilkin şərtdir. Bu gün xaricdə yaşayan Ermənistan vətəndaşlarının səs hüququ məsələsində aydınlıq yoxdur", - Voldset deyib və bu problemin həlli üzrə əvvəlki tövsiyələrin yerinə yetirilmədiyini vurğulayıb.

Voldset, həmçinin nümayəndə heyətinin ictimaiyyətin qarşıdakı seçkilərə marağının və etibarının çatışmazlığı ilə bağlı narahatlığını da bildirib.

Müxalifətin Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan seçkilərdə iştirakdan imtina ediblər.

AŞPA nümayəndə heyəti rəhbərinin fikrincə, əsas müxalifət qüvvələrinin seçkilərdə iştirakdan imtina etməsi seçicilərin seçimini məhdudlaşdırır, bununla da "çətin vəziyyət" yaradır.

O bildirib ki, bir halda ki, hazırkı seçkilər ölkədə demokratiyanın inkişafı üçün əhəmiyyətlidir, onda cəmiyyətin etibarının bərpa edilməsi vacibdir.

Voldset 2012-ci ildəki parlament seçkiləri zamanı olduğu kimi inzibati resursların geniş istifadəsinin və seçicilərin ünvanına təhlükə hallarının təkrarlanmayacağına, həmçinin prezident postuna bütün namizədlər üçün eyni, o cümlədən onlar üçün bərabər işıqlandırma vasitəsilə xüsusi şəraitin yaradılacağına ümidini ifadə edib.

Səfər çərçivəsində AŞPA seçkiqabağı nümayəndə heyətinin üzvləri Ermənistan prezidenti Serj Sarkisyan, parlament fraksiyalarının rəhbərləri, Mərkəzi Seçki Komissiyasının başçısı Tiqran Mukuçyan, xarici işlər naziri Edvard Nalbandyan, baş prokuror Aqvan Ovsepyan, polis rəisi Vladimir Qasparyan, ictimai təşkilatlar və KİV nümayəndələri, Ermənistanda akkreditə olunmuş diplomatlarla görüşüb.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti