Türkmənistan, Aşqabad, 15 dekabr /Trend, müxbir H.Həsənov/
Türkmənistanda parlament seçkilərində bazar günü yerli vaxtla saat 15:00-a olan məlumata görə, seçicilərin 78.57 faizi səsvermədə iştirak edib. Trend Türkmənistanın Seçkilər və referendumların keçirilməsi üzrə mərkəzi komissiyasına (MSK) istinadən məlumat verir.
"Saat 15-dək ölkə üzrə ümumilikdə 2.406.448 nəfər səs verib ki, bu da seçicilərin ümumi sayının 78.57 faizini təşkil edir", - məlumatda deyilir. Məlumatda həmçinin bildirilir ki, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov birincilər sırasında seçki məntəqəsinə gəlib.
Müəyyən edilmiş vaxtda səsvermə üçün 125 seçki dairəsinin ərazisində yerləşən 2446 seçki məntəqəsi açılıb. Xaricdə diplomatik missiyalar nəzdində, o cümlədən Azərbaycanda 33 seçki məntəqəsi açılıb.
Seçki məcəlləsinə uyğun olaraq, deputat seçkiləri birmandatlı seçki dairələri üzrə keçirilir.
İlk dəfə deputat mandatı uğrunda Türkmənistanın iki siyasi Demokratik, eləcə də Sənayeçilər və sahibkarlar partiyasının nümayəndələri mübarizə aparırlar.