Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Ermənistana investisiyaların qoyulması məsələsində potensial investorları Rusiya iqtisadiyyatında qeydə alınan tendensiyalar da dayandırır. Trend xəbər verir ki, bu barədə "Armenianreport" "Aykakan jamanak" qəzetinə istinadən məlumat yayıb.
Nəşr yazır: "Ermənistanın İqtisadiyyat Nazirliyinə yaxın mənbələr iddia edirlər ki, bu il Ermənistana qoyulacaq xarici investisiyaların həcmi çox aşağı olacaq ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var".
Obyektiv səbəb kimi nazirliyin mütəxəssisləri məsələn, mədən sənayesi və rabitə sahəsində bir neçə böyük proqram üzrə həyata keçirilən investisiyaların başa çatmasını göstərirlər. Subyektiv səbəblər arasında Avrasiya İqtisadi İttifaqına daxilolma prosesi ilə əlaqədar investorların Ermənistanın əhval-ruhiyyəsindən gözləntilərini qeyd edirlər.
Nəşr yazır: "Ermənistana investisiyaların qoyulması məsələsində potensial investorları bu ilin ikinci yarısında Rusiya iqtisadiyyatında qeydə alınan tendensiyalar da dayandırır. Axı Ermənistan iqtisadiyyatı bu ölkənin iqtisadiyyatı ilə çox sıx şəkildə bağlıdır. Gözlənildiyi kimi, bu il ərzində xarici investisiyaların həcmi təqribən 25-30 faiz azalacaq. Ötən il inişillə müqayisədə bu göstərici artıq 20 faizdən daha çox azalaraq 600 milyon dollar təşkil etmişdi".