...

İrana İraqdan gətirilmiş "partlayıcı oyuncaqlar" məhv edilib

Dünya xəbərləri Materials 12 Dekabr 2015 11:20 (UTC +04:00)
İranın Rəzəvi Xorasan əyalətinin Kaşmər şəhərində 4 ədəd partlayıcı maddə quraşdırılmış oyuncaq aşkarlanıb və məhv edilib.
İrana İraqdan gətirilmiş "partlayıcı oyuncaqlar" məhv edilib

Bakı. Təmkin Cəfərov - Trend:

İranın Rəzəvi Xorasan əyalətinin Kaşmər şəhərində 4 ədəd partlayıcı maddə quraşdırılmış oyuncaq aşkarlanıb və məhv edilib. Trend-in İranın "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, bunu Kaşmər şəhərinin başçısı Mehdi Fruzan deyib.

M.Fruzan bildirib ki, bu oyuncaqlar Kərbəlada ziyarətdə olmuş şəxslər tərəfindən alınaraq ölkəyə gətirilib: "Oyuncaqlardan 3-nü İslam İnqilabının Keşikçilər Korpusu (Sepah) aşkarlayıb, birini isə polis qüvvələri taparaq məhv ediblər".

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Şohani isə deyib ki, partlayıcı qurğular quraşdırılmış oyuncaqlar zəvvarlara İraqda pulsuz verilb.

Qeyd edək ki, İranın İSNA agentliyinin məlumatına görə, bir həftə öncə İran-İraq sərhədində nəzarət-buraxılış məntəqələrində yoxlamalar aparılarkən bir neçə şübhəli bağlama aşkarlandığı bildirilib və əhaliyə xəbərdarlıq olunub. İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Hüseyn Zülfüqari Ərbəin mərasimi münasibətilə İraqa səfər etmiş İran vətəndaşlarına səslənərək bildirmişdi ki, oyuncaqlar alan zəvvarlar sərhəd-buraxılış məntəqələrində təhlükəsizlik orqanlarının nümayəndələrinə bu barədə məlumat versinlər: "Təhlükəsizlik qüvvələri sərhədlərdə nəzarəti gücləndirib. Lakin vətəndaşlar da ölkəyə daxil olmamışdan öncə öz əşyalarını yoxlamalıdırlar".

Xatırladaq ki, İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvlərini həbs etmişdi. Onlardan içərisində partlayıcı maddə quraşdırılmış uşaq oyuncaqları müsadirə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti