Bakı. Trend:
Moskvada partladılan "Toyota Land Cruiser" markalı avtomobilin Rusiya Silahlı Qüvvələrinin peyk rabitəsi üzrə radio mərkəzinin rəis müavini Andrey Torqaşova məxsus olmadığı məlum olub.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, partladılan avtomobil eyniadlı şəxsə məxsus olub. Onun da hərbçi olduğu bildirilib.
Məlumata görə, partlayışa avtomobilə partlayıcı qurğunun yerləşdirilməsi səbəb olub. Hadisə baş verən zaman Torqaşov və həyat yoldaşı avtomobildə olublar.
Partlayış nəticəsində Torqaşov ayağını itirib, arvadı isə qəlpə yaraları alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Qeyd edək ki, Moskvada səhər saatlarında "Toyota Land Cruiser" markalı avtomobil partladılıb, ilkin olaraq Rusiya KİV onun Rusiya Silahlı Qüvvələrinin peyk rabitəsi üzrə radio mərkəzinin rəis müavini Andrey Torqaşova məxsus olduğu barədə məlumat yaymışdı.