Bakı. Trend:
"Milton" qasırğasına maksimal 5-ci kateqoriya verilib.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
"Milton" qasırğası səbəbindən 5,5 milyondan çox insan ABŞ-nin Florida ştatından təxliyə olunmağa məcbur qalıb. Şəhərlərin küçələrində polis insanları təhlükədən qaçmağa çağırır.
Rəsmilər Florida sakinlərini yaxınlıqdakı sığınacaqlara getməyə və uzaq yola çıxmamağa çağırıblar. Bir çox rayonlarda küçələr və evlər boşalıb. Ştatın qərb sahillərindən, o cümlədən təxminən 3 milyon əhalisi olan Tampa şəhərindən təxliyə elan edilib. Tampa, meteoroloqların gözləntilərinə görə, qasırğanın ABŞ-yə ilk zərbəsini qəbul edən şəhərlərdən biri olacaq.
Sakinlər, şəhəri tərk etmək istəyərkən, benzin almaq üçün uzun növbələrdə dayanırlar. Ştatın təxminən 1,5 min yanacaq doldurma məntəqəsində yanacaq artıq tükənib.
Yaxınlaşan "Milton" qasırğası Beynəlxalq Kosmik Stansiyadan çəkilib. Görüntülərdə buludlardan ibarət fırtına Meksika körfəzi sahilləri üzərində böyük bir siklon halında yığılır. Qasırğaya maksimal 5-ci kateqoriya verilib. Küləyin sürəti saniyədə 72 metrə çatacaq.