Bakı. Trend:
Çin ABŞ-ın daha 3 şirkətinə və 10 nəfərinə qarşı sanksiya tətbiq etməyə başladığını açıqlayıb.
Trend-in verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyi bu sanksiyaların Tayvana silah satışında iştirak edən hüquqi və fiziki şəxslərə qarşı tətbiq edildiyini bildirib. Sanksiya altında olan şirkətlər “Edge Autonomy Operations LLC”, “Huntingdon Ingalls Industries Inc” və “Skydio Inc”dir. Bu müəssisələrin və şəxslərin Çindəki daşınar və daşınmaz əmlakları, eləcə də digər vəsaitləri dondurulacaq.
Sanksiya tətbiq edilən şəxslərin Çinin materik hissəsinə, eləcə də Honkonq və Makao xüsusi inzibati ərazilərinə girişinə qadağa qoyulub. Bundan əlavə, Çindəki bütün qurum və fərdlərin sanksiya tətbiq olunan hüquqi və fiziki şəxslərlə əməkdaşlığı qadağan edilir.
Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas nöqtələrindən biridir. Rəsmi Pekin Tayvan mövzusunu Çin ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilməz əsas qırmızı xətt hesab edir.
Çin ABŞ-dan Tayvanın müstəqilliyini dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edir. Vaşinqton Tayvanı müstəqil dövlət kimi tanımır, lakin adaya siyasi, iqtisadi və hərbi dəstək göstərir. ABŞ Dövlət katibi Antoni Blinkenin mayda Tayvandakı separatçı qurumun yeni rəhbəri Lay Çinq-Teni səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik etməsi, eləcə də 2022-ci ildə ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin Çin etirazlarına baxmayaraq Tayvana səfər etməsi bu siyasi dəstəyin göstəricisidir.
Vaşinqton, həmçinin, Tayvan adasına davamlı silah tədarük edir ki, bu da rəsmi Pekinin narazılığına səbəb olur. Son dövrlərdə Çin ABŞ-ın bir neçə hüquqi və fiziki şəxsinə qarşı sanksiyalar tətbiq edib və bir sıra şirkətləri “qara siyahı”ya salıb.