Bakı. Trend:
Ruandada 15 nəfərin həyatını itirməsinə səbəb olan Marburq qızdırması epidemiyası noyabrın 9-dan etibarən altı həftə müddətində (ümumilikdə 42 gün) yeni yoluxma qeydə alınmazsa, rəsmi olaraq bitmiş elan edilə bilər.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST bildirib ki, epidemiya sona çatmış hesab edilməsi üçün sonuncu xəstənin sağalmasından 42 gün keçməlidir. Bu müddət, Marburq virusunun inkubasiya dövründən iki dəfə uzun olduğu üçün tibb elminin müəyyən etdiyi təhlükəsizlik tədbirlərinə əsaslanır. Məlumatda qeyd olunub ki, artıq oktyabrın 30-dan bəri yeni yoluxma halı, 14 oktyabrdan isə ölüm faktı qeydə alınmayıb.
Epidemiya zamanı sentyabrın sonundan etibarən ümumilikdə 66 nəfər Marburq qızdırmasına yoluxub, onlardan 15-i həyatını itirib. ÜST nümayəndələri epidemiya riskinin qarşısını almaq üçün Ruanda hökuməti ilə əməkdaşlıqda maarifləndirmə və müalicə tədbirlərini davam etdirir. Marburq virusunun geniş yayılmasının qarşısını almaq üçün yerli icmalar arasında tədbirlər artırılır, profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.