Bakı. Trend:
Rusiyada hüquq-mühafizə orqanları, Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalına hücumda iştirak etməkdə şübhəli bilinən bir qrup terrorçunu saxlayıb.
Trend-in məlumatına görə, bu barədə "İzvestiya" nəşri mənbələrə istinadən məlumat yayıb.
Saxlanılan şəxslər arasında 22 yaşlı Xusen Kulaev, 27 yaşlı Mahmud Kartoev, 28 yaşlı Mansur Toçiev və 35 yaşlı Maqomed Santaliev yer alır. İstintaq versiyasına görə, təqsirləndirilən şəxslər konsert zalına hücum edən terrorçuları silahla təmin edən qrupun üzvlərindən biri, Batır Kulaevə gizlənməyə kömək ediblər.
Mənbənin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları şübhəlilərin evlərində axtarış aparıblar. Axtarış nəticəsində birindən silah və sursatlar tapılıb. Eyni zamanda, şübhəlilərin telefonlarından təşkilat rəhbərləri ilə yazışmalar aşkar edilib. Yazışmalardan məlum olub ki, təşkilat rəhbərləri "Crocus City Hall" terror aktının iştirakçılarına xaricə köçürülməyə kömək ediblər.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala daxil olub və tamaşaçılara atəş açıb. Ardınca partlayışlar baş verib və yanğın başlayıb. Nəticədə 145 nəfər həlak olub, 550 nəfər isə yaralanıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb, 10-dan çox şəxs saxlanılıb.