Bakı. Trend:
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi suriyalı miqrantların öz ölkələrinə daimi qayıdışına yardım etmək üçün xüsusi dəstək proqramını genişləndirib.
Trend xəbər verir ki, bu barədə “Spiegel” nəşri idarənin daxili məlumatına istinadən məlumat yayıb.
Suriya ötən həftə geri dönüş proqramına daxil edilən yeni təyinat ölkəsi olub. Bu proqram çərçivəsində sığınacaq prosesində olan və ya ölkəni tərk etməli olan suriyalılar federal və əyalət hökumətləri tərəfindən maliyyələşdirilən aviabilet və digər səyahət xərcləri üçün Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəyə müraciət edə bilərlər.
Həmçinin, bu şəxslərə birdəfəlik qrant kimi 1700 avroya qədər maddi dəstək təklif olunur. Ailələr üçün bu məbləğ ümumilikdə 4000 avronu keçə bilməz.
Proqram çərçivəsində Suriyada tibbi xidmətlər üçün də əlavə yardım nəzərdə tutulub. Adambaşına maksimum 2000 avro verilə bilər və bu məbləğ gəlişdən sonra ilk üç ay ərzində əldə edilə bilər.