Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi Niderland Milli Təhlükəsizlik Təşkilatı tərəfindən İran əleyhinə ittihamlara görə bu ölkəyə sərt etiraz notası verib.
Bu barədə Trend İran Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, bu gün Niderlandın Tehrandakı səfiri Emil De Bont (Emiel de Bont) İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa ölkələri üzrə departamentinin baş direktoru Əlirza Yusifi tərəfindən nazirliyə dəvət olunub və bu haqda İranın etirazı ona elan olunub.
İran tərəfi Niderland Milli Təhlükəsizlik Təşkilatının illik hesabatında İran əleyhinə qeyd olunan iddiaları rədd edib və İranın bu ölkədə sui-qəsd əməliyyatında hər hansı müdaxiləsini əsassız adlandırıb.
Yusifi qeyd edib ki, Niderlandda “ehtimal” əsasında İran əleyhinə yönələn əsassız ittihamın irəli sürülməsi və ardınca İranın Niderlandakı səfirinin Niderland Xarici İşlər Nazirliyinə çağırılması təəssüfləndirici haldır.
Niderland səfiri də notanı öz hökumətinə çatdıracağını bildirib.
Qeyd edək ki, Niderland Təhlükəsizlik Təşkilatı (AIVD) illik hesabatında İranı Niderland və İspaniyada siyasi müxaliflər əleyhinə iki sui-qəsd keçirməkdə şübhəli tərəf kimi elan edib və bu təhdidlərin davam etməsi haqda xəbərdarlıq edib.