Bakı. Trend:
Papa XIV Leo taxta çıxdıqdan sonra Ukrayna nümayəndə heyətini qəbul edib və Vatikanın Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
"İnaqurasiya mərasimindən sonra biz Papa XIV Leo ilə görüşdük. O, dünyada milyonlarla insan üçün sülhün rəmzidir. Müqəddəs Taxt-Tacın nüfuzu və səsi bu müharibənin dayandırılmasında mühüm rol oynaya bilər. Vatikana, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platforması olmaq istəyi və hazırlığı üçün təşəkkür edirəm", – deyə Zelenski bildirib.
Prezident həmçinin vurğulayıb ki, Ukrayna real nəticələr üçün istənilən formatda dialoqa hazırdır: "Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində səsləndirdiyiniz aydın mövqeyə görə minnətdaram", – deyə o qeyd edib.
Qeyd edək ki, mayın 18-də Papa XIV Leo rəsmi olaraq Müqəddəs Taxt-Taca yüksəlib. Vatikanda baş tutan inaqurasiya mərasiminə 250 mindən çox insan qatılıb. Tədbirdə 100-dən çox ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.