Bakı. Trend:
Ölkədə səhiyyə müəssisələri, xəstəxanalar və ya xəstə və zərərçəkənlərə hücum etmək və xəsarət yetirmək qəbuledilməzdir.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (7 yanvar) Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər hansı bir etiraz zamanı qeyd olunan məkanlara və ya şəxslərin hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Bu məkanlar təhlükəsiz qalmalıdır.
Mohacerani bildirib ki, İlam vilayətində İmam Xomeyni xəstəxanasında baş verən hadisə ilə bağlı İran prezidenti Məsud Pezeşkian dərhal göstəriş verib. Ardınca səhiyyə naziri və daxili işlər naziri məsələnin qanuni və hüquqi cəhətdən araşdırılması üçün göstərişlər veriblər. Bundan başqa daxili işlər naziri tərəfindən bir nümayəndə İlama ezam olunub ki, lazımi araşdırma aparsın.
Qeyd edək ki, ötən həftə İlam vilayətinin İmam Xomeyni xəstəxanasında etirazçılarla hüquq-mühafizə məmurları arasında qarşıdurma baş verib. Bəzi medialar hadisə nəticəsində ölən və yaralananların olduğunu bildiriblər.
