Mayın 9-da Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Rusiya ilə yaranan gərgin münasibətlər fonunda Gürcüstan bu ölkə ilə ümumi dil tapa biləcək.
Trend in verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidenti Qələbə günü Vake parkında İkinci Dünya müharibəsinin veteranları ilə görüşdə bəyan edib.
"Təəssüf ki, bu ölkənin (Rusiyanın) bəzi nümayəndələri Gürcüstana qarşı çox sərt tədbirlər görməyi qərara alıblar. Bu tədbirlərdə məqsəd hər bir gürcü ailəsinin pis şəraitdə yaşamasından ibarətdir. Bu tədbirlərdə məqsəd elektrikin, qazın qiymətlərini artırmaqdan, bizim həyat şəraitimizi pisləşdirməkdən və Gürcüstan hökumətinin gəlirlərini azaltmaqdan və hökumətin öz xalqının qayğısının çəkə bilməməsindən ibarətdir. Lakin mən düşünürəm ki, bu, müvəqqəti haldır. Hesab edirəm ki, biz bütün xalqlarla, xüsusilə də ruslarla ümumi dil tapa biləcəyik. Ona görə ki, biz faşizmə qarşı birgə mübarizə aparmışıq. Biz qonşuyuq. Ona görə də hazırkı siyasi vəziyyətin necə olmasından asılı olmayaraq hər halda biz birlikdə, mehriban qonşuluq və normal şəraitdə yaşamağa məhkumuq", - deyə prezident Mixail Saakaşvili bəyan edib. Bu barədə Gürcüstan Online bəyan edib.