...

DİN "Azadlıq Radiosu"nun müxbirinin polis bölməsinə aparılması məsələsinə aydınlıq gətirdi

Siyasət Materials 1 Dekabr 2014 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

"Azadlıq Radiosu"nun əməkdaşı Turxan Kərimovun noyabrın 28-də Bakı şəhəri Nərimanov rayon 18-ci polis bölməsinə aparılması və ifadəsinin alınması bəzi KİV-lər tərəfindən Azərbaycan qanunvericiliyinin polisin fəaliyyətini tənzimləyən maddələrinə zidd olması, həmçinin "İnformasiya əldə etmək" haqqında qanunun pozulması kimi qiymətləndirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən polis əməkdaşı özünü şübhəli aparan və ya şübhə doğuran istənilən vətəndaşı şəxsiyyətini müəyyənləşdirmək məqsədilə aidiyyəti və ərazi üzrə polis orqanına gətirə, müvafiq profilaktik söhbətlər apara və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə saxlaya bilər.

Qeyd edilib ki, qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kimin polisin cinayətkarlıqla mübarizədə və ictimai qaydanın qorunmasına dair vəzifələrini yerinə yetirməyə aid olan məsələlərə müdaxiləsinə yol verilmir, kimsə də bu hüquqdan istifadəsinə görə polisi qınaya bilməz: "Amma ötən ayın sonlarında polis əməkdaşları tərəfindən Azadlıq Radiosunun əməkdaşı Turxan Kərimovun Nərimanov RPİ-nin 18-ci polis bölməsinə aparılması və şəxsiyyətin müəyyən edilməsindən qısa müddət sonra sərbəst buraxılması, təəssüf ki, ucuz sensasiya dalınca qaçan, polis fəaliyyəti barədə elementar təsəvvürləri olmayan bəzi KİV-lərdə yanlış olaraq dartışılır və vətəndaşlarla belə davanış Azərbaycan qanunvericiliyinin polisin fəaliyyətini tənzimləyən maddələrinə zidd olması, jurnalsitə qarşı törədildiyi üçün bu, həm də informasiya əldə etmək haqqında qanunun pozulması kimi qiymətləndirilir. Əvvəla, qeyd olunduğu kimi, polisin hərəkətləri qanun çərçivəsində həyata keçirilib. İkincisi, bəlli KİV-lərin jurnalistə yanaşma tərzi kökündən yanlışdır. Çünki hər bir media əhli jurnalist olmaqdan öncə yaşadığı ölkənin vətəndaşıdır. Heç bir halda kimsə özünü dövlətdən və onun qanunlarından üstün saya bilməz. Polis üçün bölməyə aparılan şəxsin peşə fəaliyyəti, dini, yaxud siyasi, sosial mənsubiyyəti önəmli deyil. Önəmli olan onun kimliyi və qanunlara münasibətidir. Göstərilən halda da vətəndaşın kimliyi bəlli olduqda, o, dərhal sərbəst buraxılıb".

DİN-in mətbuat xidmətindən onu da qeyd ediblər ki, neqativ hərəkətlərə yol verən polis əməkdaşlarının aşkarlanmasında daxili nəzarət qaydasında yoxlama tədbirləri ilə yanaşı, KİV-lərdə yayımlanan və ya dərc olunan müxtəlif səpkili materialların da müəyyən rolu var və sözsüz ki, hüquq pozuntularına yol verən heç bir polis əməkdaşı məsuliyyətdən kənarda qalmır. Guya vaxtilə hansısa yol polisi əməkdaşının gizli videosunu çəkdiyinə görə T.Kərimovdan qisas alınması barədə iddiaların isə heç bir məntiqi və hüquqi əsası yoxdur: "Belə əsassız fikirlərin yaranmasına səbəb kimi cari il mayın 16-da "Azadlıq Radiosu"nun müxbirinin videokamerasının əlindən alınması göstərilirsə, o zaman sözügedən jurnalistin bir vətəndaş kimi səhlənkarlığı, laqeydliyi, Azərbaycan qanunlarına sayğısızlığı da xüsusi vurğulanmalıdır. Çünki həmin faktla əlaqədar araşdırma aparan müstəntiqin dəfələrlə xəbərdarlığına, çağırışlarına baxmayaraq, "Azadlıq Radiosu"nun əməkdaşı ifadə verməkdən müxtəlif bəhanələrlə yayınmış və polis idarəsinə gəlməyəcəyini bildirmişdi. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Necə deyərlər, jurnalist olmaq asandır, amma vətəndaş olmaq daha çətinmiş..."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti