...

Ali Məhkəmə Hacı Məmmədovun şikayətini təmin etmədi

Cəmiyyət Materials 11 Mart 2016 15:54 (UTC +04:00)
Ali Məhkəmə adam oğurluğu və digər ağır cinayətlər törətmiş mütəşəkkil dəstənin başçısı kimi təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun şikayətini geri qaytarıb.
Ali Məhkəmə Hacı Məmmədovun şikayətini təmin etmədi

Bakı. Samir Əli - Trend:

Ali Məhkəmə adam oğurluğu və digər ağır cinayətlər törətmiş mütəşəkkil dəstənin başçısı kimi təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun şikayətini geri qaytarıb. Bu barədə Trend-ə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə işlə bağlı yeni açılmış hallarda əsas olmadığını bildirib və şikayəti təmin etməyib.

Qeyd edək ki, ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov özünə yeni vəkil tutaraq barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

H.Məmmədov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti