...

Azərbaycanın hakim partiyasından Milli Şuranın yaradılması məsələsinə reaksiya gəldi

Siyasət Materials 27 May 2013 13:06 (UTC +04:00)
Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycan hakimiyyəti üçün heç bir əhəmiyyəti yoxdur. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Şuranın yaradılmasına münasibət bildirərkən deyib: “Hansı ad altında istəyirlərsə birləşsinlər. Bu bizi narahat etmir. Sadəcə bu adın seçilməsi və bu adın xüsusilə tarixdə olan Milli Şura kimi təqdim edilməsi yolverilməzdir və tamamilə anlaşılan deyil”.
Azərbaycanın hakim partiyasından Milli Şuranın yaradılması məsələsinə reaksiya gəldi

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Mehdiyev/

Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycan hakimiyyəti üçün heç bir əhəmiyyəti yoxdur. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Şuranın yaradılmasına münasibət bildirərkən deyib: "Hansı ad altında istəyirlərsə birləşsinlər. Bu, bizi narahat etmir. Sadəcə bu adın seçilməsi və bu adın xüsusilə tarixdə olan Milli Şura kimi təqdim edilməsi yolverilməzdir və qətiyyən anlaşılan deyil".

Qurbanlı qeyd edib ki, əgər Milli Şura adı altında siyasi təşkilat yaradırlarsa, buyursunlar: "Mən dəfələrlə demişəm, bu, bizi narahat etmir. Bizim üçün əhəmiyyəti yoxdur ki, müxalifət bunun adını "milli şura" qoyacaq, "milli birlik" qoyacaq, "milli hərəkat" qoyacaq, çünki ötən illər ərzində müxalifətin onlarca ad altında birlik yaratdığını, dəbdəbəli ad altında birləşdiyini, guya bu ad altında hansısa uğur qazanacağı barədə cəmiyyətə mesajlar verdiyini görmüşük və eşitmişik. Hardadır "Demkonqres", hardadır "demokratik qüvvələr birliyi", hardadır digər o böyük adlar altında birliklərini nümayiş etdirdikləri qurumlar? Yoxdur, olmayacaq. Hamısı müvəqqətidir. Bir az mətbuatda görünəcək, sonra isə tamamilə iflasa uğrayacaqlar".

Qurbanlı vurğulayıb ki, bunun kökünü hələ də müxalifətdə olanlar dərk edə bilmirlər, başa düşmürlər ki, bunların uğursuzluğunun səbəbi xalqın böyük əksəriyyətinin President İlham Əliyevə dəstək verməsidir, hakimiyyətə dəstək verməsidir və xalqın mütləq əksəriyyətinin müxalifətin yanında dayanmamasıdır: "Çox cüzi azlıq indiki şəraitdə "müxalifət" deyilən dairələrin ətrafındadır və bu cüzi azlığın özünün də içərisində müxtəlif maraqlar var. Milli Şura adı altında toplaşanlar həmin o müxalifətin zamanında yaratdığı müxtəlif qurumların nümayəndələri olacaqlar və bu adamların bir araya gəlməsi Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir göstərməyəcək və onların bu adı xüsusi istismar etməsi də onlara dividend gətirməyəcək. Yəni tarixdə olmuş Milli Şuranın adı altında tarixi istismar etmək, tarixi adı istismar etmək heç bir nəticə verməyəcək".

Qurbanlı deyib ki, bütün bunları nəzərə alaraq, hakimiyyət Milli Şuranın yaradılmasından qətiyyən narahat deyil: "Biz narahat deyilik, bizim gələcəklə bağlı, bütövlükdə seçkilərlə bağlı, ictimai-siyasi proseslərlə bağlı, ictimai rəylə bağlı apardığımız araşdırmalar nəticəsində əlimizdə kifayət qədər dəlillər, sübutlar, əsaslar var və biz bilirik ki, həmin Milli Şura deyilən qurum elan olunduqdan sonra da onun hansısa bir formada cəmiyyətə təsiri olmayacaq. Hətta müxalifətdə olan bütün şəxslərin adlarını ora yazsalar belə, bu, nəyisə dəyişməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti