Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycanda gimnastika qısa müddət ərzində böyük inkişaf yolu keçib və idmançılarımızın bugünkü yarışlarda gözəl çıxışları bunu sübut edir". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş azarkeş Sədaqət Məmmədova deyib.
S.Məmmədova bildirib ki, Azərbaycanda keçirilən bütün gimnastika yarışlarına tamaşa etməyə gəlir: "Çalışıram ki, hər dəfə burada yarışlar keçiriləndə nəvəmlə birgə gəlib tamaşa edim. İnsana xüsusi zövq verir. Nəvəm də gimnastikaya həvəslidir, çox istəyirəm ki, o da bu idmanla məşğul olsun".
O, Milli Gimnastika Arenasının yüksək səviyyədə olduğunu vurğulyıb: "Bura çox yaraşıqlıdır, gözəl şərait yaradılıb. Əvvəllər bizdə belə şeylər yox idi. Ölkə başçımız İlham Əliyev və xanımı Mehriban Əliyeva sağ olsun ki, belə bir gözəl arenanın tikintisinə şərait yaradıblar. Hamısı xalqımız üçündür".
S.Məmmədova Avropa Oyunlarının əhəmiyyətindən də danışaraq bildirib ki, bu cür böyük yarışlar ölkəmizi, mədəniyyətimizi dünyaya tanıdır: "Görün, burada nə qədər idmançılar, xarici qonaqlar var. Hamısı gəlib bizim gözəl ölkəni görürlər və gedib bu barədə öz ölkələrində danışırlar. Bunun hamısı bizim xeyrimizədir".