...

Jurnalistlər Tarix Əliyevi 2011-ci ilin fəxri prodüseri seçdilər (FOTO)

Mədəniyyət Materials 4 Avqust 2011 19:03 (UTC +04:00)
Azərbaycan Milli mətbuatının yaranmasının 136-cı ildönümü ilə əlaqədar jurnalistlərin təsis etdiyi mükafatlardan biri də "2011-ci ilin Fəxri prodüseri" nominasiyasında prodüser - Mister Tolik kimi tanınan Tarix Əliyevə təqdim edilmişdi.
Jurnalistlər Tarix Əliyevi 2011-ci ilin fəxri prodüseri seçdilər (FOTO)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan Milli mətbuatının yaranmasının 136-cı ildönümü ilə əlaqədar jurnalistlərin təsis etdiyi mükafatlardan biri də "2011-ci ilin Fəxri prodüseri" nominasiyasında prodüser - Mister Tolik kimi tanınan Tarix Əliyevə təqdim edilmişdi. Bakıda olmaması səbəbindən "Zümrüd M" prodüser mərkəzinin təsis etdiyi diplomu bir az gec əldə edən prodüser Trend-ə qonaq gələrək, ürək sözlərini oxucularımızla bölüşməkdə maraqlı oldu.

"Bu nominasiyanın digər mükafatlardan fərqi ondadır ki, mədəniyyət və maqazin jurnalistləri arasında keçirilən rəy sorğusuna əsasən öz sahiblərinə təqdim olunub. Bildiyim qədər orada Azərbaycanın tanınmış ziyalıları, sənətçilərdən xalq artistləri Nazpəri Dostəliyeva, Flora Kərimova, ulduzlardan Röya Ayxan və başqaları fəxri diplomlarla mükafatlandırılıblar. Həmin tədbirdə şou-biznesin tanınmış nümayəndəsi kimi mənim də diploma layiq görülməyim həqiqətən sevindiricidir. Baxmayaraq ki, bir il ərzində mən elə də tutarlı layihə üzə çıxarmamışam. Yəqin jurnalistlər mənə dayaq olduqlarını nümayiş etdirdilər ki, "Tolik, bu bir ildə iş görməsən də, biz səni dəstəkləyir və yeni layihələr ərsəyə gətirməkdən ötrü ruhlandırırıq". İnanın bu "2011-ci ilin Fəxri prodüseri" olmaq mənə çox böyük stimul verdi. Fəaliyyət göstərdiyim 7 il ərzində nə şəxsi prodakşına sahibəm, nə də hansısa şirkətin rəhbəri olmuşam. Sadəcə öz işimi görmüşəm. Elə həmkarlarım var ki - kobud çıxsa da deyəcəyəm - jurnalistlərə yaltaqlıq edib, işlədikləri müğənnilərin hansısa musiqi toplusunun və ya təqdimat mərasiminin qeyri-adi yenilik kimi işıqlandırılmasını istəyirlər. Bir müddət keçəndən sonra aydın olur ki, sən demə, özünü reklam edən həmin prodüser sadalağı işlərin heç birini gerçəkləşdirməyib. Bəli, bu gün Tolik öz adını təsdiqləmiş prodüser kimi tanınır. Bəzi səhnədə özünü tapmayan müğənnilər var ki, 3 gün gündəmdən uzaq düşəndə tamaşaçıların yadından çıxırlar. Amma mən bir çox jurnalistlərin dilindən eşidirəm ki, illərlə də hansısa işin qulpundan yapışmasam, öz uğurumu qazanmışam. Ona görə də fəxr edirəm ki, jurnalistlərin maraq dairələrində olan prodüserəm", - Tarix Əliyev belə dedi.

Söhbətimiz zamanı Tolik son günlər şəxsi həyatlarını gündəmə gətirərək müxtəlif saytlarda yersiz qalmaqallara qol qoyan yeni prodüserlərə məsləhət verməyi də unutmadı.

"Sosial şəbəkələrdə, forumlarda tənqid hədəfində olmaqdan əsla çəkinməmişəm. Çünki məni 10 nəfər pisləyirsə, 15 nəfər də tərifləyir. 9 milyon azərbaycanlı içində seçilib tanınıramsa, demək, mən artıq xoşbəxt insanam. Təzəcə meydana atılan prodüserlərə səslənib deyirəm, arzu belə etməyin ki, mən çıxıb sizin haqqınızda nəsə danışacağam. Çünki heç birini gündəmə gətirmək kimi niyyətim yoxdur. Məsləhətim odur ki, ilk növbədə, gördükləri işlərlə tanınsınlar. Açıq etiraf edirəm, təzəcə prodüser kimi fəaliyyətə başlayanda jurnalistlər məndən də müsahibə almırdılar. Müəyyən vaxt keçdi, layihələr həyata keçirdim və bundan sonra haqqımda xəbərlər dərc olunmağa başladı. Ayıbdır axı, özünə prodüser deyənlər hər gün müxtəlif saytlara öz şəxsi həyatları haqqında yalanlarla dolu açıqlamalar verirlər. Respublikada yeganə prodüser olmuşam ki, şəxsi həyatımın müzakirəyə çıxmasından narahat olmamışam. Və kimsədən qorxmadan sürdüyüm həyat tərzi haqqında danışmışam. Bunu ona görə etmişəm ki, düşmənlərim məndən uzaq gəzsinlər. Və pislik etmək iqtidarında olmasınlar. İftira atmaqla irəliyə getmək olmaz axı. Allahı başları üzərində hiss etsinlər. Və heç kim unutmasın ki, etdiyi yaxşı və pis əməllərə görə mütləq Tanrı dərgahında cavab verəcək", - Əliyev əlavə etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti