...

Azərbaycanda nəticə əsaslı büdcə sistemi hələ tam formalaşmayıb - Hesablama Palatası

İqtisadiyyat Materials 17 Fevral 2026 16:08 (UTC +04:00)
Azərbaycanda nəticə əsaslı büdcə sistemi hələ tam formalaşmayıb - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Orta Müddətli Xərclər Çərçivəsinin (OMXÇ) və nəticə əsaslı büdcə mexanizminin tətbiqi davam etsə də, bu sistem institusional baxımdan hələ tam formalaşmayıb.

Trend bu barədə Hesablama Palatasının 2025-ci il üzrə “Dövlət auditi” jurnalına istinadən xəbər verir.

Məlumata görə, hazırda ölkədə iki paralel büdcə planlaşdırma modeli fəaliyyət göstərir. Bunlardan biri “Büdcə sistemi haqqında” Qanunla tənzimlənən sifariş əsaslı büdcə, digəri isə OMXÇ qaydalarına əsaslanan nəticə əsaslı büdcə modelidir. Bildirilib ki, bu paralellik isə büdcə prosesində vahid və ardıcıl yanaşmanın formalaşmasını çətinləşdirir.

Hesablama Palatasının qiymətləndirməsinə əsasən, strateji sənədlərdə müəyyən edilmiş məqsədlərlə büdcə xərclərinin planlaşdırılması arasında inteqrasiya zəifdir. Eyni zamanda, nəticə göstəriciləri (indikatorlar) üzrə metodoloji çərçivə tam formalaşmadığından, nəticəyönümlü büdcə mexanizminin effektiv tətbiqi məhdudlaşır.

Palata vurğulayır ki, fiskal intizamın təmin olunması dövlət maliyyəsinin idarə edilməsində büdcənin tərtibi mərhələsindən başlayaraq icra və hesabatlılıq mərhələlərinədək bütün proseslərdə fiskal məsuliyyətliliyin gücləndirilməsini tələb edir. Fiskal məsuliyyətlilik Ali Audit Orqanlarının əsas missiyası hesab olunur və Azərbaycanda bu funksiyanı Hesablama Palatası həyata keçirir.

Qeyd olunub ki, fiskal intizamın ilkin şərti dövlət maliyyəsinə nəzarət üçün müvafiq institutların və tənzimləmə mexanizmlərinin yaradılmasıdır. Bu çərçivədə makro-fiskal səviyyədə büdcə qaydalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Fiskal qaydalar təkcə kəmiyyət göstəricilərini deyil, eyni zamanda prosedur xarakterli yanaşmaları da əhatə edir.

Bu baxımdan, büdcə proseslərinin əsasını təşkil edən planlaşdırma mərhələsində OMXÇ və Fəaliyyət Büdcəsi, yaxud Nəticə Əsaslı Büdcə institutlarının tətbiqi dövlət vəsaitlərinin daha qənaətli, səmərəli və nəticəyönümlü istifadəsi üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir. Hesablama Palatası Ali Audit Orqanı olaraq bu institutların ölkədə tətbiqinin aktiv təşəbbüskarı kimi çıxış edir.

Eyni zamanda bildirilib ki, nəticə əsaslı büdcə sisteminin effektiv işləməsi səmərəlilik (performans) auditinin rolunu daha da artırır. Bu audit növü proqramların, layihələrin, fəaliyyətlərin, idarəetmə və informasiya sistemlərinin qənaətliliyini, səmərəliliyini və nəticəliliyini qiymətləndirməyə imkan verir. Hazırda dünyanın əksər ölkələrində Ali Audit Orqanları tərəfindən tətbiq edilən performans auditinə dair ümumi metodoloji yanaşmalar oxşar olsa da, ayrı-ayrı ölkə və təşkilatlarda bu auditin tətbiq formaları fərqlənir.

Hesablama Palatasının qənaətinə görə, OMXÇ və nəticə əsaslı büdcə institutlarının tam formalaşması fiskal risklərin azaldılmasına, büdcə xərclərinin effektivliyinin artırılmasına və dövlət maliyyə idarəçiliyində şəffaflığın gücləndirilməsinə mühüm töhfə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti