...

"Evrovision"ın bolqar iştirakçısı Bakıda çoxlu pərəstişkar qazanacağına ümid edir

Mədəniyyət Materials 2 Aprel 2012 13:02 (UTC +04:00)
Bakıda keçiriləcək "Evrovision-2012" öz ölkəni layiqincə təmsil etmək üçün yaxşı şansdır. Bunu müsabiqənin Bolqarıstandan olan iştirakçısı Sofi Marinova Trend-ə müsahibəsində deyib.
"Evrovision"ın bolqar iştirakçısı Bakıda çoxlu pərəstişkar qazanacağına ümid edir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir V.İmanov /

Bakıda keçiriləcək "Evrovision-2012" öz ölkəni layiqincə təmsil etmək üçün yaxşı şansdır. Bunu müsabiqənin Bolqarıstandan olan iştirakçısı Sofi Marinova Trend-ə müsahibəsində deyib.

"Ümid edirəm ki, mahnım çoxlarının xoşuna gələcək. Mən növbəti "Evrovision"ın ölkəmdə keçirilməsi üçün müsabiqədə qalib gəlmək istərdim", - o deyib.

Bolqar iştirakçı "Evrovision"dan sonra Azərbaycanda və bütün dünyada çoxlu dostlar qazanacağına da ümid edir.

"Milli seçim iştirakçılarından hər biri mənim yerimdə ola bilərdi. Mən xoşbəxtəm və münsiflər heyətinə və mənə səs verən bütün tamaşaçılara minnətdaram. Mən daima ürəkdən oxuyuram və özümü tamamilə mahnıya həsr edirəm, yəqin ki, ona görə mən qalib gəldim və Bolqarıstanı müsabiqədə təmsil edəcəyəm", - Marinova deyib.

Onun sözlərinə görə, söhbət mahnı müsabiqəsindən gedəndə hər kəs yaxşı oxumağı bacarmalıdır, yerdə qalanı vacib deyil.
"Mahnı yaxşı olanda və bu, adamların xoşuna gələndə onlar sənə səs verəcəklər", - o deyib.

Müğənninin sözlərinə görə, o Azərbaycanda olmayıb, lakin bu ölkənin onun çox xoşuna gələcəyini güman edir.

"Mən səyahət etməyi və müxtəlif adamlarla görüşməyi sevirəm. Ümid edirəm ki, siz mənim mahnımı bəyənəcəksiniz və mən bir müğənni kimi Bakıda çoxlu pərəstişkar qazanacağam", - Marinova deyib.

Onun sözlərinə görə, o Azərbaycan haqqında heç nə bilmir, lakin vaxt tapıb Bakının bütün görməli yerlərinə baş çəkəcəyinə və çoxlu şeylər öyrənəcəyinə inanır.

"Mən mövhumatçıyam və qabaqcadan danışmaq istəmirəm, hesab edirəm ki, tamaşaçıları təəccübləndirməyim daha çox fayda verəcək. Lakin mən sizə bir şeyi vəd edirəm - mən bütün qəlbim və ruhumla oxuyacağam. Bu, mənim üçün ən vacibidir", - müğənni deyib.

Marinovanın sözlərinə görə, onlar başqa ölkədə çıxışın təşkili zamanı müəyyən çətinliklərlə üzləşirlər, bu, kifayət qədər maliyyə tələb edən mürəkkəb işdir.

"Məsuliyyət böyükdür, lakin mən Bolqarıstanın mənimlə fəxr etməsi üçün məndən asılı olan hər şeyi edəcəyimi vəd edirəm", - o deyib.

2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Bakı Kristal Zalı"nda keçiriləcək.

"Bakı Kristal Zalı" 23 min tamaşı tutumuna malikdir, daha 16 min tamaşaçı müsabiqənin yarımfinalları və finalına böyük monitorlarda canlı efirdə baxmaq imkanı əldə edəcək.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti