...

Dünya şöhrətli yazıçının ev muzeyində “Azərbaycan guşəsi” açılıb (FOTO)

Mədəniyyət Materials 25 İyun 2013 10:44 (UTC +04:00)
Belarusun Novoqrudok şəhərində yerləşən Adam Mitskeviçin ev muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada “Azərbaycan guşəsi” açılıb.
Dünya şöhrətli yazıçının ev muzeyində “Azərbaycan guşəsi” açılıb (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Belarusun Novoqrudok şəhərində yerləşən Adam Mitskeviçin ev muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada "Azərbaycan guşəsi" açılıb.

Trend-in məlumatına görə, guşə Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan "Azərbaycan guşəsi" adlı layihə çərçivəsində açılıb.

Layihə çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeylərində, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

Adam Mitskeviçin ev muzeyinin direktoru Nikolay Qayba yazıçıya qarşı olan diqqəti xüsusi qiymətləndirdiyini və təşəkkürünü bildirib. Muzeyin rəsmi saytında Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən "Adam Mitskeviçin ev muzeyi"nə təqdim kitablar barədə məlumat yerləşdirilib. (http://mickiewicz-museum.narod.ru/)

Sözügedən layihə davamlı və genişmiqyaslı xarakter daşıyır. Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevskiy, Lev Nikolayeviç Tolstoy, Mixail Prişvin və s. yazıçılar, şairlər daxildir.

Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti