Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Gürcüstan Aşıqlar Birliyinin təşəbbüsü ilə Marneuli rayonunun Kəpənəkçi kəndində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar mədəniyyət işçisi, mərhum Aşıq Kamandar Əfəndiyevin büstünün və ev muzeyinin açılışı olub.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria çıxış edərək Gürcüstan və Azərbaycan xalqlarının tarixi dostluğundan danışıb və Aşıq Kamandar haqqında ürək sözlərini bildirərək qeyd edib ki, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Aşıq Kamandar Əfəndiyevin ev muzeyini qeydiyyata götürəcək:
"Ötən il Aşıq Kamandarın yubileyində iştirak etdim və çox məmnun qaldım. O tədbirdə qərara aldıq ki, aşığın evində büst qoyulsun və ev muzeyi statusu verilsin. Bu mədəniyyət ocağı bizim birlik ocağımızdır. Azərbaycan və Gürcüstan münasibətləri hər zamankı kimi bu gün də dostluq və qardaşlıq xarakteri daşıyır. Gürcüstan-Azərbaycan dostluğu bütün ölkələrə nümunə olmalıdır. Hər iki xalqın zəngin mədəniyyəti vardır. Gürcüstanda aşıq sənətini inkişaf etdirmək üçün Aşıqlar Festivalı da keçirməyi planlaşdırırıq, bu festivalın da Aşıq Kamandarın adı ilə bağlanacağını bildirirəm".
Tədbirdə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin köməkçisi Savalan Mirzəyev, Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan və Gürcüstan Aşıqlar Birliyinin nümayəndələri, ziyalılar, jurnalistlər, QHT rəhbərləri, kənd sakinləri və digər rəsmi şəxslər iştirak ediblər.
Sonda Gürcüstan Aşıqlar Birliyinin üzvü olan aşıqların ifasında saz havaları səsləndirilib, konsert keçirilib.